Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Tottenhem” klubu öz yetirməsi Luka Uilyams-Barnett ilə yeni müqavilə bağlayıb.
Arena.az xəbər verir ki, London klubunun akademiyasının yetirməsi olan 18 yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti açıqlanmayıb.
Luka Uilyams-Barnett 10 yaşından “Tottenhem”də çıxış edir. O, bu mövsüm əsas komandaya cəlb olunub və Premyer Liqada ilk dəfə start heyətində meydana çıxdığı “İpsviç Taun”la qarşılaşmada məhsuldar oyun nümayiş etdirib. “Tottenhem”in 2:0 hesablı qələbəsi ilə başa çatmış görüşdə gənc futbolçu bir qol vurub və bir məhsuldar ötürmə edib.
Uilyams-Barnett indiyədək London klubunun əsas komandasında bütün turnirlər nəzərə alınmaqla 5 matçda iştirak edib.
“Bu, mənim və ailəm üçün çox xüsusi məqamdır. Bu nöqtəyə çatmaq üçün çox çalışmışam. Amma bu, yalnız başlanğıcdır. “Tottenhem” mənim üçün ailədir. Burada çox uzun müddətdir ki, çıxış edirəm. Bura mənim ikinci evimdir. Klub mənə güvəndi və inandı. İndi mən də bunun qarşılığını verməyə hazıram”, – deyə futbolçu bildirib.
Klubun idman direktoru Yohann Lange isə Uilyams-Barnettin xüsusi istedada malik olduğunu və yeni müqaviləyə layiq görüldüyünü vurğulayıb.
Baş məşqçi Roberto De Zerbi də 18 yaşlı futbolçu barədə yüksək fikirdə olduğunu bildirib. İtaliyalı mütəxəssis Uilyams-Barnettin texniki imkanlarını, təzyiq altında soyuqqanlılığını və düzgün qərarlar qəbul etmək bacarığını xüsusi qeyd edib.
Qeyd edək ki, İngiltərə U-19 millisinin üzvü olan Luka Uilyams-Barnett “Tottenhem” akademiyasına “Luton Taun”dan qoşulub. O, müxtəlif yaş qruplarında məhsuldarlığı ilə seçilib, U-21 səviyyəsində 2025-ci ilin sentyabrında Premyer Liqa 2-də ayın futbolçusu seçilib.
Gənc futbolçu “Tottenhem”in əsas komandasında debütünü 2025-ci ilin sentyabrında Liqa Kubokunda “Donkaster Rovers”ə qarşı keçirib. O, həmçinin bu mövsüm Premyer Liqada “Kristal Pelas”a qarşı meydana çıxaraq fərdi hərəkətinə görə ayın ən yaxşı yaradıcı epizodu mükafatına layiq görülüb.


