“Barselona”nın baş məşqçisi Hansi Flik UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, İspaniya və Azərbaycan çempionlarının bu gün Bakıda baş tutmuş görüşündə Kataloniya təmsilçisi 4:1 hesabı ilə qalib gəlib.
Hansi Flik matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Belə oyunlar futbolçular üçün çətin olur. Birinci hissədə 70 faiz topa sahib idik. Buraxdığımız qoldan məmun qalmadım. Ciddi səhv etdik və çox asan qol buraxdıq. İkinci hissədə daha intensiv oyun getdi. Əlimizdən gələni etdik ki, hesabı qoruyaq. Nəticədə 3 xal qazandıq ki, bizim üçün ən vacib olan da budur.
Futbolçularımız bütövlükdə yaxşı oynadılar. Birinci hissədən sonra dəyişikliklər etdim. Bəzi oyunçuları fasilədən sonra çıxardıq. Amma onların əvəzlənməsi pis çıxış etdikləri anlamına gəlməməlidir. Sadəcə, digər oyunçulara da şans vermək istədik. İstənilən halda oyuna nəzarət bizdə idi”.
Hansi Flik bu oyunda zədələnərək 64-cü dəqiqədə əvəzlənmək məcburiyyətində qalmış Alexandro Baldenin durumuna, həmçinin Qabriel Jezusun çıxışına da toxunub:
“Onunla nə baş verdiyini tam bilmirik. Ümid edirik ki, yaxşı olacaq. Oyunu da yaxşı alınırdı.
Qabriel Jezus üçün digər oyunçularla rəqabət aparmaq asan deyil. Rafinya da var. O da daha çox oynamaq istəyir. Qabriel elə oyunçudur ki, məşqlərdə özünü yaxşı göstərir, oyuna fokuslanır. Həmişə oyunlara pozitiv yanaşır. Bakıya gələndə onunla danışdım. Bilmirəm bu, ona necə təsir göstərdi”.
Flik “Barselona” tarixinin ən uzaq avrokubok səfərinin Bakıya olmasından da söhbət açıb:
“Çox şeyin şahidi olmadıq. Çünki çox gəzmək imkanımız olmadı. Buradakı atmosferdən razıyam. Mükəmməl oteldə qaldıq. İnsanlar çox qonaqpərvər və mehribandırlar. Azərbaycana ilk səfərim deyil, milli ilə gəlmişəm. Bura 4-cü səfərimdir. Səhv etmirəmsə, 17 yaşlıların turniri üçün də gəlmişdim. İnkişaf var, inqilabi dəyişikliklər hiss etdim. Bakı şəhəri gözəlləşir. “Sabah” özü də ÇL-də oynayır. Bu, dünyadakı ən yaxşı turnirdir. “Sabah”ın baş məşqçisinin fəlsəfəsi aydındır, qəhrəmancasına, gözəl anlar yaşadılar. Bizə çətinlik yaşatdılar. “Sabah”a uğurlar arzulayıram”.


