“Turan” ÇL-də İtaliya klubuna məğlub oldu

Qadın voleybolçular arasında Çempionlar Liqasının (ÇL) əsas mərhələsində mübarizə aparan Azərbaycanın “Turan” komandası ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, Tovuz təmsilçisi bu gün D qrupundakı ilk qarşılaşmasında səfərdə İtaliyanın “Savino Del Bene” kollektivi ilə üz-üzə gəlib.

Florensiyanın “Palazzo Vanni” zalında keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. “Savino Del Bene” Azərbaycan çempionunu 3:1 hesabı ilə məğlub edib.

“Savino Del Bene” – “Turan” 3:1 (25:21, 25:10, 20:25, 25:16)

Azərbaycan komandasının heyətində Elizaveta Ruban, Yanq Hanyu, Ayşən Abdullazadə, Ana Klegger, Yuliya Kərimova, Li Ce Yon, Li Da Yon, Ceyran İmanova, Mariya Kirilyuk, Vilma Salas, Kenya Karkases və Nilufər Ağazadə mübarizə aparıblar. Komandanın baş məşqçisi Ziya Rəcəbovdur.

Qrupun digər qarşılaşmasında Türkiyənin “Eczacıbaşı” komandası ilə Serbiyanın “Tent” klubu qarşılaşıb. Türklər bu görüşdən qalib ayrılıblar.

İlk turdan sonra “Eczacıbaşı” və “Savino Del Bene” 3 xalla ilk iki pilləni bölüşürlər. “Turan” və “Tent” isə xalsızdır.

Tovuz təmsilçisi qrup mərhələsində iki dəfə “Eczacıbaşı”, iki dəfə “Tent” və bir dəfə “Savino Del Bene” ilə qarşılaşacaq. “Turan”ın növbəti oyunları “Eczacıbaşı”ya qarşı dekabrın 2-də və gələn il yanvarın 13-də, “Tent”ə qarşı dekabrın 16-da və fevralın 3-də keçiriləcək. Azərbaycan klubu “Savino Del Bene”ni isə yanvarın 27-də doğma meydanda qəbul edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: