İngiltərə millisinin sabiq futbolçusu Rahim Sterlinq təhlükəli avtomobil idarə etdiyinə görə məhkəmənin qərarı ilə şərti həbs cəzasına məhkum edilib.
Arena.az xəbər verir ki, 31 yaşlı futbolçu Beysinqstouk Magistrat Məhkəməsinin qərarı ilə 1 il müddətinə şərti həbs cəzası alıb.
Sterlinqə əlavə olaraq 100 saat ictimai iş cəzası verilib və onun 2 il müddətinə avtomobil idarə etməsi qadağan olunub.
Futbolçu təhlükəli avtomobil idarə etmək, azot oksidini qanunsuz şəkildə istifadə etmək məqsədilə saxlamaq və analiz üçün nümunə təqdim etməkdən imtina etməkdə ittiham olunurdu. Sterlinq irəli sürülən bütün ittihamlar üzrə təqsirini qəbul edib.
Hadisə mayın 28-də İngiltərənin Hempşir qraflığında, M3 avtomagistralının cənub istiqamətində baş verib. Futbolçunun idarə etdiyi “Lamborghini” qəza nəticəsində ciddi zədələnib. Hadisə zamanı digər avtomobillər və insanlar zərər çəkməyib.
Sterlinq ötən mövsümün sonunda Niderlandın “Feyenoord” klubundan ayrıldıqdan sonra heç bir komandada çıxış etmir. Karyerası ərzində “Liverpul”, “Mançester Siti”, “Çelsi” və “Arsenal” kimi klublarda forma geyinən futbolçu “Mançester Siti” ilə 4 dəfə İngiltərə çempionu olub. O, həmçinin 5 dəfə Liqa Kubokunu və 1 dəfə İngiltərə Kubokunu qazanıb.
Rahim Sterlinq İngiltərə millisinin heyətində 2021-ci ildə Avropa çempionatının gümüş medalını, 2019-cu ildə isə UEFA Millətlər Liqasının bürünc medalını əldə edib. O, 2022-ci ildən etibarən milli komandaya dəvət olunmur.


