Afrika Futbol Konfederasiyası (CAF) 2026-cı ilin ən yaxşı futbolçusu mükafatına namizəd olan 5 futbolçunun adını açıqlayıb.
Arena.az xəbər verir ki, yekun siyahıda yalnız Mərakeş və Seneqal yığmalarının üzvləri yer alıblar.
Mükafat uğrunda Mərakeş millisinin üç futbolçusu – PSJ-nin müdafiəçisi Əşrəf Hakimi, “Bayern”in yarımmüdafiəçisi İsmayıl Saybari və “Real”ın futbolçusu Brahim Diaz mübarizə aparacaqlar.
Seneqal yığmasından isə İspaniyanın “Vilyarreal” klubunda çıxış edən yarımmüdafiəçi Pape Qeye və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının hücumçusu Sadio Mane namizədlər sırasındadır.
Qalibin adı dekabrın 2-də Nigeriyanın Laqos şəhərində keçiriləcək təntənəli mərasimdə açıqlanacaq.
Qeyd edək ki, Afrikanın ötən ilin ən yaxşı futbolçusu mükafatının sahibi Əşrəf Hakimi olub. PSJ-nin və Mərakeş millisinin müdafiəçisi bu dəfə də əsas favoritlərdən biri hesab olunur.
Sadio Mane isə mükafatı üçüncü dəfə qazanmaq şansına malikdir. Seneqallı hücumçu 2019 və 2022-ci illərdə Afrikanın ilin futbolçusu seçilib. O, qalib gəlsə, bu mükafatı karyerasında üçüncü dəfə əldə edən futbolçulardan biri olacaq.


