Amerika Kubokunun keçiriləcəyi ölkə və tarixlər açıqlandı

Cənubi Amerika Futbol Konfederasiyası 2028-ci ildə futbol üzrə Amerika Kubokunun keçiriləcəyi ölkəni və turnirin tarixlərini rəsmən açıqlayıb.

Arena.az xəbər verir ki, Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) və Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyası (CONCACAF) strateji əməkdaşlıq müqaviləsini uzadıb.

Razılaşmaya əsasən, 2028-ci ildə Amerika Kuboku ABŞ-də keçiriləcək. Turnir 9 iyun – 9 iyul 2028-ci il tarixlərində təşkil olunacaq.

Yarışda ümumilikdə 16 milli komanda iştirak edəcək. Onlardan 10-u CONMEBOL üzvü, 6-sı isə CONCACAF təmsilçisi olacaq.

CONCACAF-ın 6 iştirakçısı 2027-ci ildə keçiriləcək “Qızıl Kubok”un nəticələrinə əsasən müəyyənləşəcək. Turnirin 17 iyun – 11 iyul 2027-ci il tarixlərində keçirilməsi planlaşdırılır. Beləliklə, Şimali və Mərkəzi Amerika, eləcə də Karib hövzəsinin milli komandaları nəticələri əsasında 2028-ci il Amerika Kubokuna vəsiqə qazanacaqlar.

2028-ci il Amerika Kuboku tarixdə 49-cu turnir olacaq. Yarışın təqvimində ümumilikdə 25 oyun günü nəzərdə tutulub.

CONMEBOL və CONCACAF bildiriblər ki, turnirin keçirilməsində əsas məqsədlərdən biri qitədə futbolun inkişafını və milli komandalar üçün beynəlxalq səviyyədə rəqabət imkanlarını artırmaqdır. Təşkilatçılar 2026-cı il dünya çempionatı və 2027-ci il “Qızıl Kubok” zamanı Şimali Amerikada futbola yaranan böyük marağın 2028-ci il turnirinə də müsbət təsir göstərəcəyinə ümid edirlər.

Qeyd edək ki, Amerika Kubokunun keçiriləcəyi şəhərlər, stadionlar və oyunların tam təqvimi daha sonra açıqlanacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: