Futbol üzrə Asiya Çempionlar Liqasının (ÇL) ikinci dərəcəli turnirində keçirilən “Əl-Cəzirə” – “Qol Gohar” matçında qalmaqallı hadisə yaşanıb.
Arena.az xəbər verir ki, qarşılaşmanı idarə edən suriyalı hakim Hanna Hattabın matça sərxoş vəziyyətdə çıxdığı iddiası gündəmə gəlib.
Referinin ilk hissədəki davranışları futbolçular və məşqçilər arasında şübhələr yaradıb.
Maraqlı məqamlardan biri isə “Əl-Cəzirə”nin və Türkiyə millisinin qapıçısı Ersin Destanoğlu ilə bağlı epizod olub. Meydanın mərkəzində baş vermiş mübarizədən sonra Hattab 24 yaşlı qapıçıya sarı vərəqə göstərib. Destanoğlunun qərara təəccüblənməsi də görüntülərə düşüb. Lakin hakim cəmi dörd dəqiqə sonra sarı vərəqəni ləğv edib.
İlk hissədən sonra vəziyyət daha da gərginləşib. “Qol Gohar”ın futbolçuları və məşqçiləri hakimin normal vəziyyətdə olmadığını bildirərək ikinci hissəyə çıxmaqdan imtina etmək qərarına gəliblər. Klub məsələ ilə bağlı Asiya Futbol Konfederasiyasına (AFC) müraciət edib.
Bundan sonra AFC Hattabı ikinci hissədə meydana buraxmayıb. Qarşılaşmanın qalan dəqiqələrini dördüncü hakim idarə edib.
Matçın yekununda “Əl-Cəzirə” Taliscanın vurduğu qolla “Qol Gohar”ı 1:0 hesabı ilə məğlub edib.
“Qol Gohar”ın baş məşqçisi Mehdi Rahmati matçdan sonra bildirib ki, hakim “normal vəziyyətdə deyildi”. Onun sözlərinə görə, bunu hətta “Əl-Cəzirə”nin futbolçuları da etiraf ediblər.


