Sneyder Ramosun ona hədiyyə etdiyi formanı 65 min avroya satdı

Niderland millisinin sabiq futbolçusu Uesli Sneyder DÇ-2010-un finalından sonra Serxio Ramosun ona hədiyyə etdiyi formanı hərracda satıb.

Arena.az xəbər verir ki, bu barədə İspaniyanın “Cadena SER” radiosu məlumat yayıb.

Xəbərdə vurğulanır ki, veteran futbolçu formanı 65 min avroya satıb.

Söhbət 2010-cu ildə Cənubi Afrikada keçirilən dünya çempionatının final matçından gedir. İspaniya əlavə vaxtda Niderlandı 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə dünya çempionu olub. Görüşdən sonra İspaniya millisinin müdafiəçisi Serxio Ramos öz formasını həmin vaxt Niderland yığmasının aparıcı futbolçularından olan Sneyderə verib.

Həmin hərracda Sneyder özünün final matçında geyindiyi formanı da satışa çıxarıb və ondan 5 min avro gəlir əldə edib.

Qeyd edək ki, Sneyder 2007-2009-cu illərdə Madrid “Real”ında Ramosla komanda yoldaşı olub. Niderland millisində 2003-2018-ci illərdə çıxış etmiş futbolçu 134 oyun keçirib və 31 qol vurub. O, yığmanın tarixində ən çox oyun keçirən futbolçudur.

Uelsi 2010-cu il dünya çempionatının gümüş, 2014-cü il mundialının bürünc, 2004-cü il Avropa çempionatının isə bürünc medalını qazanıb. O, həmçinin “İnter”in heyətində UEFA Çempionlar Liqasının qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: