“Bornmut” UEFA bayrağı altında təşkil edilmiş yarışlarda ilk 5 matçda qələbə qazanmış ilk İngiltərə komandası kimi tarixə düşüb.
Arena.az xəbər verir ki, bu, sözügedən komandanın Avropa Liqasının əsas mərhələsinin 5-ci turunda səfərdə “Selta”ya 2:1 hesabı ilə qalib gəldiyi oyundan sonra reallaşıb.
Həmçinin kollektiv bütün yarışlarda qələbə seriyasını 10 matça çatdırıb ki, bu da yeni klub rekordudur.
Premyer Liqa təmsilçisi seçmə mərhələsi nəzərə alınmadan avrokuboklarda ilk 5 oyununu qazanmağı bacaran tarixdə üçüncü komandadır. Daha əvvəl bu göstəriciyə 1961/1962-ci illər mövsümündə “Nürnberq”, 1972/1973-cü illər mövsümündə isə “Ararat” nail olub.
Qeyd edək ki, tarixində ilk avrokubok mövsümünü keçirən “Bornmut” Avropa Liqasının əsas mərhələsində 5 oyundan sonra 15 xalla turnir cədvəlinə başçılıq edir.
Yeri gəlmişkən, İngiltərə klubunun azarkeşlərinin bir qismi komandanın Avropa Liqasının finalına yüksələcəyinə o qədər inanır ki, artıq Frankfurtdakı otellərdə yer bron edib. BBC-nin məlumatına görə, fanatlar 2026/2027-ci illər mövsümünün finalı üçün indidən hazırlıq görürlər.
Qeyd edək ki, Avropa Liqasının finalının 26 may 2027-ci ildə Frankfurtda keçirilməsi planlaşdırılır.


