UEFA araşdırmaya başladı, Türkiyə gürcü səfiri XİN-ə çağırdı

UEFA “Beşiktaş” və “Hapoel” arasında Gürcüstanda keçirilmiş oyunda baş verən hadisələri araşdırmaq üçün etika və intizam müfəttişləri təyin edib.

Arena.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Avropa futbol qurumu neqativ əməlləri qətiyyətlə pisləyib. Təşkilat futbolda aqressiya, nifrət, eləcə də istənilən təxribatçı, ayrı-seçkilik və ya ekstremist davranışa yer olmadığını bəyan edib.

Müfəttişlər UEFA-nın müvafiq normativ-hüquqi bazasına uyğun olaraq insidentlərlə bağlı araşdırma aparacaq, zəruri faktları və halları müəyyənləşdirmək üçün mövcud olan bütün sübutları nəzərdən keçirəcəklər. Məsələ ilə əlaqədar ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunun ötən gecə Batumi şəhərində təşkil edilmiş “Beşiktaş” (Türkiyə) – “Hapoel” (Beer Şeva, İsrail) matçının birinci hissəsinin ortalarında İstanbul təmsilçisinin fanatlarının olduğu sektorda iğtişaşlar yaşanıb və polis güc tətbiq edib. Görüş təxminən yarım saat dayandırıldıqdan sonra davam etdirilib. Qarşılaşma Türkiyə komandasının qələbəsi ilə yekunlaşıb – 2:1.

Qeyd edək ki, iğtişaşlar zamanı “Beşiktaş”ın azı 16 azarkeşi saxlanılmışdı. Artıq həmin azarkeşlər sərbəst buraxılıbllar. Bu barədə Acarıstan Hökumətinin sədri Zurab Pataradze feysbuk səhifəsində yazıb.

O bildirib ki, fanatların evlərinə qayıtması təmin edilib: “İnzibati qaydada saxlanılan bütün şəxslər azadlığa buraxılıb və Gürcüstan Daxili İşlər Nazirliyi türk azarkeşlərin heç bir maneə olmadan evlərinə qayıtmasını təmin edib”.

Bu gün həm də Gürcüstanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, Gürcüstanın Ankaradakı səfiri Gürcüstanın Türkiyə Respublikasındakı (Ankaradakı) fövqəladə və səlahiyyətli səfiri Arçil Kalandiya “Beşiktaş”ın Avroliqa matçında baş verən ciddi hadisələrlə əlaqədar çağırılıb.

Nazirlikdən bildirilib ki, matçda baş verən hadisələrə reaksiya verilib və müxtəlif sübutlar paylaşılıb.

“Hadisələrin hərtərəfli araşdırılmasını, vətəndaşlarımıza qarşı qeyri-mütənasib güc tətbiqi və müdaxiləyə görə məsul olanlara qarşı lazımi hüquqi tədbirlərin görülməsini tələb etdik”, – məlumatda vurğulanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: