Zaur Həşimov: “Qələbəyə çox ehtiyacımız var idi”

“Şəfa”nın baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 13-cü turunda səfərdə “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Zaur Həşimov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Qələbəyə çox ehtiyacımız var idi. Uşaqlar bacardıqlarından daha artığını etdilər. Şükürlər olsun ki, 3 xal qazana bildik. Oyun gərgin alındı. Birinci hissədə qismən də olsa, üstünlüyümüz var idi. Hesabda önə keçdik. Təəssüf ki, standart vəziyyətdən qol buraxdıq. Uşaqlar ikinci hissədə vuruşdular. Əks-hücumların birində üçüncü qolu vurduq və qələbə qazandıq.

Müdafiədə minimum səhvə yol verdik. Bundan öncə də iki qol vurduğumuz oyunlar olmuşdu. Bu gün üç top vura bildik. Uşaqların xarakteri böyük rol oynadı.

Klub rəhbərliyi ilə mütəmadi olaraq görüşürük. Son görüşdə də mənə etimadlarını göstərdilər.

Mussa Quel komandamızın liderlərindən biridir. Ondan həm vinger, həm də yarımmüdafiəçi kimi istifadə edirik. Komandaya çox böyük fayda verir.

Qarşıda “Neftçi”, “Sabah” və “Qarabağ”la oyunlar var. Bu üç oyunda xal qazanmaq üçün əlimizdən gələni edəcəyik. Xarakter vacib rol oynayır”, deyə Zaur Həşimov vurğulayıb.

“İmişli”nin baş məşqçisi Ervin Perkon matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Komandada sanki mübarizə, istək yox idi. Rəqib üçün isə sanki bu matç final oyunu idi. Bütün mübarizələrdə bizi üstələdilər. Heç kəs sənə xal verməyəcək, bunu özün qazanmalısan. Rəqib bizdən üstün idi. Buna görə də qələbə qazandılar.

Birinci hissədə 4-4-2 sistemi ilə oynadıq, ikinci hissədə isə 3-5-2-yə keçdik. Topun irəli aparılması yarımmüdafiəçilərdən asılı idi. Onlar daha çox driblinq etməyə çalışırdılar. Belə olanda topun cinahlara çatdırılması ləngiyir. İstədiyimiz nəticəni əldə edə bilmədik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: