Qurban Qurbanov: “Qrupa vəsiqə qazanmaq bizim üçün vacib idi”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində “Olimpiya”ya qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisi Sloveniya çempionu ilə ilk qarşılaşmadakı 2:0 hesablı qələbənin revanşında 1:1 hesablı heç-heçə sayəsində Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.

Qurbanov qarşılaşmadan sonra keçirilən mətbuat konfransında əvvəlcə bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Azarkeşlərimizi də həmçinin. Hər birinə təşəkkür edirəm. Çox gərgin oyun olsa da, nəticə bizi qane etdi. Heç bir futbolçuya irad bildirmək istəmirəm, çox əziyyət çəkdilər. Bu gün problemlərimiz var idi. Buna baxmayaraq, bizim üçün qrupda iştirak etmək vacib idi. Hansısa uğuru əldə etmək, hansısa səviyyəyə çatmaq asandır, orada qalmaq çətindir. Yenə də öz azarkeşlərimizi Avropa futbolundan ayırmadıq. Ən azından ilin sonuna kimi avrokubok oyunları olacaq. Böyük təcrübə oldu. Heyətdə dəyişikliklər var idi. Futbolçuların bir neçəsi belə gərgin qrafikdə oynamamışdı. Bu gün bunu hiss etdilər. İnanıram ki, qarşıdakı illərdə bu xarakter, bu təcrübə bizə kömək olacaq.

Bəzən bizim düşünmədiyimiz elə hallar yaşanır ki, komandanı tam əldə saxlamaq çətin olur. Çox vacib oyunçularımız zədələndi. İstəyərdim ki, bu gün komandam daha hazırlıqlı olsun. Amma sıx qrafikimizə baxanda futbolçular çox yorulur. Təkcə fiziki olaraq yox, psixoloji gərginlik, yorğunluq var. 2-3 gündən bir oyuna hazırlaşmaq o qədər asan deyil.

Avrokubokların qrup mərhələsində təcrübəmiz var. Sadəcə bu təcrübədən düzgün istifadə etmək üçün komandanın tam hazır, sağlam olması lazımdır. Vaxtımız olacaq. Bəzi oyunçuları geri qaytaracağıq. Görək sabah püşkatmada nə olur. Sonra dərindən fikirləşəcəyik.

Şahruddin Məhəmmədəliyevi gözdən çıxarmamışıq. O, bizim oyunçumuzdur. Düşünmədiyimiz hallar yaşanır, gözlənilməz hadisələr baş verir. Ona görə bəzən komandada 1 yox, 4 qapıçı saxlayırıq, 11 yox, 20-22 futbolçu olur. Belə olanda rotasiyalar edə bilirik. Şahruddinin qarşıdakı matçlarda oynamaq ehtimalı var.

Marko Yankoviçin ciddi bir zədəsi yoxdur. Toqquşma oldu, ağrı hiss etdi. Durumuna sabah tam aydınlıq gələcək”.

Qurbanovun transfer arzusu

Qurban Qurbanov Avroliqanın sabah baş tutacaq püşkatma mərasimindən gözləntiləri barədə də söz açıb:

“Azarkeşlər böyük klubları burada görmək istəyir. Dəfələrlə bu hallar yaşanıb. “Böyük beşlik”dən olan komandaları burada görmək hər bir azarkeş üçün maraqlıdır. Kim olursa-olsun, narazılıq bildirməyəcəyik. Əksinə böyük komandalar olanda, böyük hesabla məğlub olmaq riskdir. Onları canlı görmək həmişə xoş olub. Məşqçiləri ilə ünsiyyətdə olmaq mənim üçün maraqlıdır. Böyük klublar düşsə, narazı olmayacağam, sevinəcəyəm.

Hər il qruplarda oynamaq, belə uğur əldə etmək, həm rəhbərliyə, həm mənə, həm də futbolçulara əlavə məsuliyyət və inam verir. Baxmayaraq ki, çempionatda bizim böyük problemlərimiz olur. Amma böyümək üçün mütləq belə çətinlikləri düzgün analiz edib, düzgün qərar qəbul etməli və hazır olmalıyıq. Amma bu il özümdə də o hisslər daha çox oldu, sevincli idik. 10 rəqəmini tamamlamaq istəyirdik. Yəqin ki, hansısa illərdən mənim üçün daha önəmli oldu.

Sentyabrın 5-nə kimi hansısa transferi həyata keçirməyə çalışacağıq. Danışıqlar gedir, baxırıq, nəzərdən keçiririk. 1-2 transfer etmək istəyərdik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: