“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Bayer”lə oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis bu gün Leverkuzendə baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çox güclü komandaya qarşı oynayacağıq. “Bayer” tək nəticələri ilə yox, oyunu ilə də Bundesliqada seçilir. Bacarıqlı futbolçulardan ibarət komandadır. Rəqibin zəngin karyerası olan baş məşqçisi var. Hamımızın hörmət etdiyi bir şəxsiyyətdir. Xabi Alonso necə futbolçu olubsa, o cür də tələbkar, ciddi məşqçidir. Biz də çalışacağıq ki, diqqətli olaq, yaxşı mübarizə aparaq. Futbolçularım hazırdırlar. Sabah hər biri meydanda ən yaxşı oyunlarını göstərəcəklər.
Hər rəqibə qarşı hazırlıq proqramımıa fərqli olur. “Bayer” üç fərqli sistemlə oynayır. Həddindən artıq ciddi olmalıyıq. Tək mən yox, futbolçular da oyunun gedişində bu komandanı yaxından tanımalıdırlar. Bacardığımız qədər oyunçuları rəqiblə tanış etdik. Bu cür komandarla oyunda motivasiya vermək həm asan olur, həm də çətin. Təcrübəmizə görə daha asan olacaq. Belə oyunlarda həmişə istəmişəm ki, futbolçular daha çox döyüşsün. Bacardığımız qədər motivasiya etmişik. İnanıram ki, futbolçular sona qədər meydanda oyun intizamını qoruyub-saxlaya biləcəklər”.
Təcrübəli mütəxəssis sabahkı oyun üçün start heyətini müəyyənləşdirdiyini də söyləyib: “Demək olar ki, heyət hazırdır. Sadəcə, oyunun gedişatında hansısa dəyişikliklər ola bilər”.
Qurban Qurbanov güclü nizam-intizamı ilə seçilən Almaniya komandalarına qarşı oynamağın çətinliyindən də söz açıb:
“Bundesliqa ən intizamlı oyun göstərən liqalardan biridir. Onlar üçün çempionat, avrokubok oyunu və ya zəif rəqibin fərqi yoxdur. Hər matça çox məsuliyyətli çıxırlar. Bütün sahələrdə alman intizamı var. Bu, məni narahat edən amillərdən biridir. Bunu əvvəlki rəqiblərlə oyunlarda da hiss etmişik. “Bayer” tam fərqli komandadır. Burada ispan izi də var. Topla davranışlarını yəqin ki, izləmisiniz. Rəqibin baş məşqçisini hamımız bir lider kimi tanıyırıq. “Bayer”in bu nəticələri boşuna deyil. Biz belə oyunlarda ancaq böyüyürük. Hər şeyə real yanaşmalıyıq. Son illərdəki təcrübəmiz daha kompakt oynamağa şərait yaradacaq. Böyükhesablı məğlubiyyət olsa belə, bu cür oyunlardan çəkinmirəm”.


