Qurban Qurbanov: “Səviyyə fərqinin şahidi olduq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Bayer”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 1:5 hesabı ilə uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox yaxşı komandaya məğlub olduq. Rəqib öz oyunu ilə bir daha göstərdi ki, həm Bundesliqada, həm Avropa Liqasının qrupunda əbəs yerə lider deyil. Bu komandanı təbrik edirəm. Belə futbol oynadıqları üçün onlara azarkeşlik edə bilərik.

Futbolçularım çox əziyyət çəkdilər. Müdafiədən oynamaq istəmirdik. Təbii ki, boşluqlar verdik. Rəqib topla həddindən artıq yaxşı davranırdı. Bunu əvvəlcədən də görmüşdük, bilirdik. Bir daha şahid olduq ki, səviyyə fərqi var”.

Qurban Qurbanov böyük hesablı nəticəni rəqibin gücü ilə izah edib: “Bu gün beş qol vurdularsa, bu, onların bacarığıdır, ustalığıdır. Problem bizdə deyil, onlarda idi. “Bayer” həddindən artıq yaxşı komandadır. Yaxşı komplektləşmiş heyətə malikdirlər. Heç bir xətdə ustalıq səviyyəsi aşağı olan futbolçu yox idi. Öz oyun sistemlərini çox yaxşı yerinə yetirirdilər. Bu, komandanın ciddiliyini göstərir”.

“Bayer”in baş məşqçisi Xabi Alonso isə “Qarabağ” üzərində qazandıqları qələbə barədə bunları söyləyib:

“Bu oyundan qələbə ilə ayrılmaq bizim üçün çox vacib idi. Bakıdakı oyunda da qələbə qazanmaq istəyirik. Amma orada bizim üçün çətin olacağını bilirik”.

Xatırladaq ki, bu komandalar qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda üz-üzə gələcəklər. Qarşılaşma noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: