“Qarabağ” – “Bayer”: Almaniya klubu Bakıda məşqə çıxmayacaq

Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Bayer” matçından öncəki proqram açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov və futbolçusu Bəhlul Mustafazadənin mətbuat konfransı noyabrın 8-də baş tutacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək tədbirə saat 17:15-də start veriləcək. Saat 18:00-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) başlayacaq.

Qonaq komandanın Bakıda açıq məşqi və mətbuat konfransı keçirilməyəcək. Almaniya klubu bunun üçün UEFA-ya müraciət edib və razılıq alıb. Leverkuzen təmsilçisinin baş məşqçisi Xabi Alonso jurnalistlərlə Almaniyada görüşəcək. Komanda son məşqini də Leverkuzendə həyata keçirəcək.

Xatırladaq ki, “Qarabağ” – “Bayer” oyunu noyabrın 9-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyuna saat 21:45-də start veriləcək.

Avroliqanın qrup mərhələsinin H qrupunda yer almış bu komandaların ilk oyunu ötən ay Leverkuzendə baş tutub və təmsilçimizin məğlubiyyəti ilə bitib – 1:5.

Geridə qalmış 3 turdan “Bayer”in 9, “Qarabağ”ın 6 xalı var. H qrupunda bu iki komandadan başqa Norveçin “Molde” və İsveçin “Hakken” klubları da mübarizə aparır. Xalsız olan “Hakken” sonuncu, “Molde” isə 3 xalla üçüncüdür.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: