Qurban Qurbanov: “Belə penalti vermək sadəlöhvlükdür”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində “Bayer”ə qarşı keçirdikləri ev oyununu şərh edib:

Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 0:1 hesabı ilə məğlub olduqları qarşılaşmanın ardından mətbuat konfransında komandasının belə çıxışını dəyərləndirib:

“Futbolçularıma təşəkkür etmək istəyirəm. Əlbəttə ki, bu cür azarkeş qarşısında oynamaq çox xoş idi. Onlara da təşəkkür edirəm. Çox istəyərdik ki, bir xal qazanaq. Əfsuslar olsun ki, son dəqiqədə qol buraxdıq. Bu oyun komandaya həm təcrübə, həm dözümlülük baxımından çox şey qazandırdı. Səbəb axtara bilərik. Amma mən özümüzün daha diqqətli olmağımızın tərəfdarıyam. Xüsusən də, belə komandalara qarşı. Məğlub olduq. Amma azarkeşlər 90 dəqiqə yaxşı mübarizə, oyun gördülər. Bu cür komandanı, güclü futbolçuları canlı izlədilər. Belə matçlar futbolumuzun inkişafına, sevilməsinə böyük fayda verir.

İlk oyundakı böyükhesablı məğlubiyyət mən qarışıq, futbolçulara da pis təsir etmişdi. Bu dəqiqə futbol elə səviyyəyə çatıb ki, istənilən matçda 4-5 qol problem deyil. Hər tur bunu görə bilirik. Futbolçular rəqibi analiz edəndə çox diqqətli oldular, meydanda da çox intizamlı oynadılar, səbirli oldular. Məncə, yaxşı kollektiv hesabına rəqibə qarşı intizamlı oyun qurduq”.

Qurbanov müdafiə xəttində məcburiyyətdən dəyişikliklər etdiyini deyib: “Müdafiə xəttində nadir hallarda dəyişiklik edirəm. Əsas heyətdə dəyişikliyi özüm üçün düzgün saymıram. Çünki rəqibə qarşı ilk “onbirlik”lə hazırlaşırıq. Onlar tapşırığı daha yaxşı icra edirlər. Marko Veşoviç dəyişikliyi özü istədi. Elvin Cəfərquliyev də çox yorulmuşdu. İlk dəyişiklik düşündüklərimə görə olmadı. Maksim Medvedevi meydana buraxdıq. Üç mərkəz müdafiəçisi ilə oynadıq. Cəfərquliyev və Veşoviçin çıxması balansı pozdu. Ciddi bir şey də yox idi. Bir epizodda penalti verildi. Orada da, bəlkə daha intizamlı oynamaq olardı”.

“Futbolçu əllərini bağlayıb qaça bilməz”

“Qarabağ”ın çalışdırıcısı qapılarına təyin olunmuş penalti ilə razılaşmadığını da dilə gətirib:

“Penalti epizodlarında həmişə böyük klublara simpatiya bəslənilir. Referiyə iradlarımı bildirdim. Epizoda da baxdım. Oyunçu topu görmürsə, nə etməlidir? Oxşar epizod “Bayer”in qapısı qarşısında olsaydı, yüz faiz penalti verməyəcəkdilər.

Maksim Medvedevi oyundan sonra görmədim. Meydanda idi. Müzakirə olunası mövzu deyil, texniki epizoddur. O qədər belə oyunlarda belə penaltilər olub ki. Dünən “Mançester Yunayted”in matçında ikinci qolda həm qırmızı vərəqə, həm də penalti verdilər. Belə penalti vermək çox sadəlöhvlükdür. Mübarizə gedir, əl hərəkətləri olur. Futbolçu əllərini bağlayıb qaça bilməz”.

Qurban Qurbanov bu matçda zədələnən Andrey Lunyovun vəziyyətindən də söz açıb: “Dizində ciddi ağrı var. Bəlkə də, yenidir. Çox ciddi zərbə olmuşdu. Oynaqlarında ağrı hiss edir. Ola bilər ki, sabah dəqiq bir məlumat olsun”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: