“Qarabağ” – “Braqa”: öncə Qurbanov, sonra Jorje

Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la “Braqa” arasında baş tutacaq cavab matçından öncə mətuat konfransları keçiriləcək.

Arena.az xəbər verir ki, Azərbaycan və Portuqaliya klublarının matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları da məlumdur.

Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı fevralın 21-də saat 13:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 17:30-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azərsun Arena”da keçiriləcək.

Qonaq komandanın baş məşqçisi Artur Jorjenin Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 20:30-da start götürəcək. Portuqaliya təmsilçisinin eyni arenada keçiriləcək ilk 15 dəqiqəsi açıq olacaq məşqi 21:30-da başlayacaq.

Xatırladaq ki, “Qarabağ”la “Braqa” arasındakı cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu oyuna saat 21:45-də start veriləcək.

Komandalar arasında Portuqaliyada keçirilmiş ilk oyunda Ağdam təmsilçisi 4:2 hesablı qələbəyə sevinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: