Qurban Qurbanov: “Biz də heç bir rəqibdən qorxmuruq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 finalında “Bayer”lə cavab oyunundan öncə fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, Almaniya və Azərbaycan təmsilçiləri arasındakı həlledici qarşılaşma sabah Leverkuzendə baş tutacaq.

Ağdam təmsilçisinin çalışdırıcısı bu gün keçirilmiş mətbuat konfransında matçdan gözləntilərini açıqlayıb:

“Bizim üçün vacib oyundur. Son zamanların ən yaxşı komandasına qarşı oynayırıq. Cavab matçında daha diqqətli olmalıyıq. Yenidən burada olmaq xoşdur. Bütün fikrimizi oyuna yönəltmişik.

Xabi Alonso “Qarabağ”dan qorxmadığını bildirib? Biz hamımız bu ifadəni işlədirik. Heç bir rəqibdən qorxmuruq. Biz də rəqibə eyni cür yanaşırıq”.

51 yaşlı mütəxəssis komandanın əsas hücumçusu Olavio Juninyonun durumu və Musa Qurbanlının komandaya mümkün qayışına dair suala da cavab verib:

“Juninyonun sabah əsas heyətdə olub-olmaması hələ bilinmir. Məşqdən sonra dəqiq bilinəcək. Hazırda başqa hücumçu gətirmək barədə düşünmək düzgün deyil. Komandada yetərincə futbolçu var. Həmin mövqedə istənilən oyunçudan istifadə edə bilərik. Musanın qayıtması müzakirə mövzusu deyil. Bu gün fikrimiz sırf “Bayer”lə oyuna və çempionata yönəlib. Dediyiniz mövzu yay transfer pəncərəsinə aiddir”.

Qurban Qurbanov komandanı əlavə vaxta və penaltilər seriyasına hazırlamadağını bildirib:

“Çox sıx qrafikdəyik. Amma “Bayer” də son 20 gündə çox vacib qrafikdə olub. Son vaxtlar onların hazırlığı daha yaxşıdır. Mən heç vaxt futbolçularıma sırf əlavə vaxt və ya penaltilər seriyasına hazırlaşmağı tapşırmamışam. Amma məşq proseslərimizdə ayda bir dəfə bunun üzərində çalışırıq. İndi onları buna hazırlamaq psixoloji basqı ola bilər. Belə halları oyunun gedişində düşünmək daha doğrudur. Biz 90 dəqiqəyə motivasiya olub meydana çıxırıq. 120 dəqiqə oynamaq təcrübəmiz də var. Dəfələrlə bu situasiya ilə rastlaşmışıq. Çox istərdim ki, hər şey 90 dəqiqədə həll olunsun. Kim qalib gəlsə, fərq etməz. Futbolçuları nəzərə almaq lazımdır. Son illərdə futbol elə hala gəlib çıxıb ki, oyun sayı həddindən artıq çoxdur. İstirahət etməyə vaxt olmur. Sabah Bakıdakı oyunu daha da yaxşılaşdırmağa çalışacağıq”.

Andrey Lunyov şansları bərabər hesab edir

Mətbuat konfransında iştirak edən “Qarabağ”ın qapıçısı Andrey Lunyov da matçla bağlı fikirlərini bölüşüb:

“Sabah bizi maraqlı və gözəl oyun gözləyir. Çünki növbəti mərhələyə vəsiqə qazana bilərik. Bir həftə öncə təəssüf ki, Bakıdakı matçda rəqibi məğlub edə bilmədik. Şanslar bərabərdir. Bu, futboldur, oyun 90 dəqiqədir. Hər iki komandada 11 nəfər oynayır. Sabah əlimizə düşən fürsətdən istifadə etməyə, öz oyunumuzu oynamağa çalışacağıq. Hər oyuna xüsusi motivasiya ilə çıxıram. Sabahkı oyun çox vacibdir. Məşqçilər korpusu rəqibi analiz edib, bizə məlumatlar verir. Bu komandaya qarşı oynamışıq, rəqibi çox gözəl tanıyırıq. Meydana yüksək motivasiya ilə çıxıb yaxşı oyun göstərəcəyik”.

Xəbəri sosial şəbəkələrdə paylaş: