Azər Bağırov: “Yüz ölçüb, bir biçəcəyəm”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının sonuncu – 33-cü turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar mövsümün son oyunu çərçivəsində bu gün Sumqayıtda üz-üzə gəliblər.

Azər Bağırov 0:1 hesabıyla uduzduqları matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Mövsümün son oyununda gənclərə şans verdik. Ola bilsin ki, onlar gələcəkdə Azərbaycan futbolunun əsas simalarına çevrilsinlər. Şahnur və Raulu fərqləndirərdim. Onların üzərində diqqət var. Gənclərlə işləmək çox çətinlik yaratmışdı. Bu gün onlara şans vermək istədim.

Çətin vaxtda bu işə başladıq. Legioner transferi olmadan komandanı liqada saxlamaq asan iş deyil. Klubdakı hər kəsə təşəkkür edirəm. Anlaşılmazlıq həmişə olur. Azarkeşlərdən razıyam. Gəncə fanatları futbolu bilirlər, rəhbərliklə də problemim yoxdur. Qalmağımla bağlı təklif də oldu, sadəcə beynimdə bəzi məsələlər var. Harda oluramsa olum, doğruluğun və verilən sözlərin arxasında dayanmağın tərəfdarıyam. Yəni sabah büdcə problemi yaranarsa, hansısa çətinlik olsa, nəticədə azarkeşlərin qarşısında pis vəziyyətdə qalacağam. Bu gün bəlkə də kimlərsə bunu düzgün qəbul etməz, amma mən yüz ölçüb, bir biçəcəyəm.

“Kəpəz” rəhbərliyi ilə münasibətim çox yaxşıdır. Sadəcə bəzi məsələlər var ki, onların dəqiqləşməsini gözləyirik. Qeyri-müəyyənliklər olduğu üçün qərar vermək çətinləşir. Bu məsələnin kökündə daha böyük məqamlar dayanır. Söhbət tək büdcədən getmir. Bir komandanın formalaşması üçün ən azı 3 il vaxt lazımdır. Çempion olaq, avrokuboklara vəsiqə qazanaq, amma nəylə?”

Xəbəri sosial şəbəkələrdə paylaş: