Azərbaycan Kubokunda 12 komanda mübarizə aparacaq

Futbol üzrə Azərbaycan Kubokunda 2021/22 mövsümünün bütün iştirakçıları müəyyənləşib. Arena.az xəbər verir ki, ölkə kubokunun yeni mövsümündə 12 komanda mübarizə aparacaq.

Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, Birinci Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Qaradağ Lökbatan” və MOİK mübarizə aparacaq.

Ölkə kubokunda püşkatma mərasimi noyabrın 10-da AFFA-nın inzibati binasında keçiriləcək. Tədbir saat 15:00-da başlayacaq və pandemiya qaydalarına riayət olunmaqla baş tutacaq.

Yeri gəlmişkən, Birinci Divizionda mübarizə aparan daha bir komanda – “Turan Tovuz” futbol klubu Azərbaycan Kubokunun 2021/22 mövsümündə iştirakdan imtina edib. Bu, komandanın gənclərdən qurulması ilə əlaqədardır.

“Turan Tovuz” daha əvvəl 2018/19 və 2019/20 mövsümlərində də Azərbaycan Kubokunda çıxış etməyib.