Dambrauskas: “Layiqli şəkildə çempion olduğumuzu göstərdik”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Premyer Liqanın 30-cu turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşü “Sabah”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Dambrauskas görüşdən sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyunçularımı təbrik edirəm. Bizə dəstək olan azarkeşləri də təbrik edirəm. Düzdür, çempion olmaq xəbəri gəldikdən sonra bu oyuna köklənmək bir qədər çətin oldu. Futbolçularıma təşəkkür edirəm. Onlar özlərində güc tapdılar, meydana motivasiyalı şəkildə çıxdılar. Həqiqətən də göstərdilər ki, biz layiqli şəkildə çempion olmuşuq. Çox xoşbəxtəm. “Şamaxı” çox yaxşı komandadır. Yaxşı oynayırlar. Bu cür komandaya 3 qol vurmaq asan deyil. Hər iki hissədə qol fürsətlərimiz oldu, onlardan tam istifadə edə bilmədik. Oyunun böyük hissəsində dominant tərəf idik. Futbolçularıma peşəkar davranışlarına, loqoya hörmətinə görə təşəkkür edirəm. Hər biri ən yaxşı sözlərə layiqdir.

Bu, mənim üçüncü çempionluğumdur. Litvada və Bolqarıstanda çempionluq yaşamışam. Xorvatiya və Bolqarıstanda kubok qazanmışam. Bu, mənim ən böyük nailiyyətlərimdən biridir. “Jalgiris” və “Ludoqorets”ə də hörmətlə yanaşıram. Orada çempionatda mütləq qalib gəlməlisən. Amma bizim bu cür klubla, bu cür yanaşmamızla əldə etdiyimiz uğur həqiqətən böyükdür. Yanlış xatırlamıramsa, artıq 9 ay olar ki, uduzmuruq. Çoxlu qollar vurmuşuq. Onu da qeyd edim ki, Azərbaycan çempionatı güclüdür. Yaxın müddətdə daha da inkişaf edəcəyini düşünürəm. Çempionlar Liqasında pley-off oynamış komandanı keçərək çempion olmaq böyük nailiyyətdir. “Sabah” ailəsinə təşəkkür edirəm. Təmizlik işçisindən prezidentimizə qədər minnətdaram, bu nailiyyətdə toxunuşu olan hər bir adama təşəkkür düşür.

Kubok bir oyundan ibarətdir. Kim daha yaxşı çıxış edəcək, daha az səhvə yol verəcəksə, qalib olacaq. Hər kəs meydana çıxaraq, işini görəcək. Bizim üçün kubok çox önəmlidir. Tarix yazmaq niyyətindəyik. Biz meydana çıxarkən, başqa şeyləri düşünməyəcəyik. Kimlər final görüşümüzdən xeyir əldə edə bilər, kim hara gedə bilər, bu, bizim üçün önəmli deyil. Biz meydana çıxacağıq ki, kuboku qazanaq”.

Valdas Dambrauskasdan Cəfər Muxtarov açıqlaması

Dambrauskas bu gün debüt etmiş Cəfər Muxtarovdan da söhbət açıb:

“Onun bizim əsas komandamıza qoşulması qəribə oldu. Milli komandalara görə yaranmış fasilədə bizə əvəzedici heyətdən gələrək məşqlərə qoşuldu. Gördüm ki, onun çox yaxşı keyfiyyətləri var, topa yaxşı nəzarət edir. İlk ötürməsi də çox yaxşıdır. O, bizim məşqlərə çox uyğun gəldi. Komanda olaraq daha çox top saxlayırıq, önə oynayırıq. Onda da bu keyfiyyətlər var idi. Oktyabrdan bu yana bizimlə məşq edir. Düzdür, meydanda çox dəqiqələri əldə etməyib. Amma bu gün ona dəstək olmağa çalışdıq. Məşqlərdə iştirak edən oyunçularımızın uğurumuzda toxunuşu var idi. Ona görə bu gün də biz onlara həmin mükafatı verdik. Debüt etməyə layiq idilər. Bizim kimi çempion olan komandalarda standartlar çox yüksək olur, rəqabət yüksəkdir. Bəzən oyunçular çox məşq etsələr də, onlara fürsət verməyə imkan olmur. Cəfər Muxtarov da daxil olmaqla bu cür oyunçular eqolarını komanda üçün tərk edirlər. Əllərindən gələni edirlər ki, məşqimiz çox yüksək səviyyədə keçsin. Cəfər Muxtarov milli komandanı da nəzərdən keçirməlidir. Daha çox topa nəzarət etmək istəyiriksə, bu cür oyunçulara önəm vermək lazımdır. Açar ötürmələr verir. Gələcək nəyi göstərər, deyə bilmərəm. Amma o, bu gün oynamağa layiq idi”.

Xəbəri sosial şəbəkələrdə paylaş: