Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın baş məşqçisi Vinçentso Montella ilə əməkdaşlığı davam etdirməmək qərarına gəlib.
Arena.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
TFF-nin qərarı federasiya rəhbərliyinin bu gün keçirdiyi kritik iclasdan sonra açıqlanıb. İclasda prezident İbrahim Hacıosmanoğlunun növbədənkənar konqres tələbinə razılıq vermədiyi və vəzifəsində qalmağa qərar verdiyi bildirilib. Bunun ardınca TFF İdarə Heyətinin üzvləri Mecnun Otyakmaz, Mustafa Bozbağ, Zafer Bahadır Saraç, Bilal Arslan və Murat Şahin istefa veriblər.
52 yaşlı italiyalı mütəxəssis 2023-cü ildən Türkiyə millisinə rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda AÇ-2024-ün 1/4 final mərhələsinə yüksəlib və 2026-cı il dünya çempionatında iştirak hüququ qazanıb. Lakin Türkiyə millisi UEFA Millətlər Liqasının qrup mərhələsində keçirdiyi dörd oyunun hamısında məğlub olub.
Türkiyə mətbuatının məlumatına görə, Montellanın mümkün əvəzləyicisi də müəyyənləşib. TFF-nin Ukraynanın “Şaxtyor” klubunun baş məşqçisi Arda Turanı namizədlər sırasında nəzərdən keçirdiyi bildirilir. Hətta türkiyəli mütəxəssisin həm “Şaxtyor”da, həm də milli komandada çalışmasını nəzərdə tutan variant üzərində dayanıldığı iddia olunur.
Qeyd edək ki, futbolçu kimi İtaliya millisinin heyətində AÇ-2000-in gümüş medalını qazanmış Vinçentso Montella 2000/2001-ci illər mövsümündə “Roma” ilə İtaliya çempionu olub. O, məşqçilik karyerasında “Adana Dəmirspor”, “Sevilya”, “Fiorentina”, “Milan”, “Sampdoriya”, “Kataniya” və “Roma” klublarına da rəhbərlik edib.


