“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Azərbaycan Premyer Liqasının 7-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşü Gəncə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Azər Məmmədov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“İlk növbədə əziyyət çəkib Şamaxıya bizi dəstəkləməyə gələn azarkeşlərimizə minnətdarlığımı bildirmək istəyirəm. Həmişə kimi bizim yanımızdadırlar. Qələbəyə görə komandamızın futbolçularına təşəkkürümü çatdırıram. Vacib qələbə qazandıq. Heyətdə bəzi itkilərimiz var idi. Buna baxmayaraq, onların yerinə mübarizəyə qoşulan futbolçular ümidləri doğrultdular. Açığı, oyunun çətin keçəcəyini bilirdik. “Araz-Naxçıvan”da baş məşqçi dəyişikliyi olub. Adətən belə hallar rəqibin oyununa müsbət təsir göstərir. Yeni baş məşqçinin oyun fəlsəfəsini analiz etmək imkanımız olmamışdı. İstənilən halda, yetirmələrim onlara verilən tapşırıqların demək olar, hamısını layiqincə yerinə yetirdilər. Etiraf edim ki, tutduğumuz yolda “Kəpəz” rəhbərliyi bizə hərtərəfli dəstəkdir. Əlbəttə, başda rəhbərlik olmaqla, bu qələbə hamımızın zəhmətinin nəticəsidir. Növbəti turda “Zirə”yə qarşı maraqlı və ağır görüşümüz olacaq. Bizim üçün hər bir xal vacibdir. Düşünürəm ki, gəncəlilərin önündə yaxşı oyun göstərib uğurlu nəticə qazanacağıq”.
“Araz-Naxçıvan”ın baş məşqçi Yuri Maksimov isə debütündəki məğlubiyyətə belə aydınlıq gətirib:
“Oyuna yaxşı hazırlaşmışdıq. Qələbə qazanaq və turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmaq istəyirdik. Təəssüf ki, yenə öz səhvlərimizdən qollar buraxdıq. Halbuki hesabı bərabərləşdirmək, hətta qələbə qolunu vurmaq üçün imkanlarımız oldu. Qarşıda “Sumqayıt”la oyunumuz var. Hücum fazasında bir qədər dəqiq oynamalı, müdafiədə səhvlərimizi azaltmalıyıq”.


