Dambrauskas oyunlarının təxirə salınmasını istəmir

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 7-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün baş tutmuş görüşündə qapılara qol vurulmayıb – 0:0.

Dambaruaskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bəzən itiridiyin xalları geir qaytara bilərsən. Cəmi 6 oyun keçirmişik, qarşıda 27 oyunumuz var. İki güclü komanda bir-biri ilə qarşılaşdı. Oyun bir az çirkin oldu, daha gözəl oyun görmək istəyərdik. Bəzən bir rəqib üstünlük əldə edirdi, bəzən digəri. Mənim üçün gözlənilən hadisədir. Fasilədən sonra oyunçular bəzən oyun ritmini itirirdilər. Bəzi futbolçular bu oyuna qədər bizimlə cəmi bir məşq keçirmişdi. Oyun ritmimizi geri qaytarmağa, “Slaviya” ilə çətin oyuna hazırlaşmağa çalışacağıq.

Çempionlar Liqasındakı oyunlara görə çempionat matçlarımızın təxirə salınmasını istəmirəm. Bu oyunu təxirə salsaq, gərək “Borussiya”, “Barselona” ilə matçdan əvvəlki oyunlarımızı da təxirə salaq. Bu, mümkün deyil, lazım deyil. Heyətimiz kifayət qədər genişdir və mübarizə apara bilərik. Hər oyundan qabaq böyük hazırlıq olur. Həyatda hər kəs çətinliklə qarşılaşır. Amma hər kəs öz işini görməlidir.

Mən hər zaman istəyirəm ki, fasilə zamanı bizimlə qalan oyunçulara daha çox şans verim. Çünki milliyə gedənlər yorğun ola bilərlər. Özüm nəzarət etdiyim şeylərə daha çox güvənməyə çalışıram. Sol cinah müdafiəçimiz Timoteuş Puxaç xaric start heyətində olan hər kəs fasilədə bizimlə məşq etmişdi. Abdulla Xaybullayev isə 3 məşqdə iştirak etmişdi. Onlara bu gün fürsət verdik”, deyə Dambrauskas vurğulayıb.

“Hakimliyi şərh etmək istəmirəm”

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub isə heç-heçəyə belə şərh verib:

“Hər iki komandanın performansı çox xoşuma gəldi. Çempion, ÇL-də oynayan komandaya qarşı oynayırdıq. “Sabah” “Mançester Yunayted”ə 0:4 hesabıyla uduzsa da, yaxşı futbol nümayiş etdirdi. Komanda əzmkar oyun göstərirdi. Bu gün də bərabər səviyyəli oyunun şahidi olduq. Biz epizodlardan istifadə edə bilmədik. Səhv etmirəmsə, “Sabah” 6 matçda cəmi 1 qol buraxıb. Bu da onu göstərir ki, onların çox yaxşı müdafiəsi var. Futbolçularıma minnətdaram ki, intensivliyi qorudular. Mübarizələri uduzmurdular. Əlbəttə, təəssüf qol olmadı, bircə bu xoşumuza gəlmədi. Futboldur, nəzərə alın ki, çempionla oynayırıq. Bu 1 xal da bizi qane edir ki, irəliyə doğru davam edək. Həm də nəzərə alaq ki, bizdə də, onlarda da milliyə gedənlər olmuşdu. Bizdən 8 oyunçu milliyə getmişdi, onlardan 10 futbolçu. Denzel Jubitana dünən gəlmişdi, Sessi Almeyda komandaya qoşula bilmədi.

Hakimliyi şərh etmək istəmirəm. Oyun zamanı emosional adamam. Bəzən qışqıra bilərəm oyun ərzində. Amma dərhal sakitləşirəm. Hakimləri qiymətləndirmək üçün başqa şəxslər var. Normal oyun oldu, həm bizə, həm də digər komandaya normal münasibət sərgiləndi”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: