Azərbaycan Kubokunun 1-ci təsnifat mərhələsinin “Difai” ilə səfər matçı “Zəngəzur”un futbolçusu Kənan Mirzəliyev üçün əlamətdar olub.
Arena.az bu barədə Peşəkar Futbol Liqasına istinadən xəbər verir.
Belə ki, Azərbaycan Kubokunda tarixin 3700-cü qolu vurulub. Yubiley bu turnirin 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsinin “Difai” – “Zəngəzur” matçına (1:3) təsadüf edib. Qonaqların futbolçusu Kənan Mirzəliyev görüşdə sonuncu, mövsümdə 23-cü qolun müəllifi olub.
Bu, 1992-ci ildən keçirilən yarışın tarixinə 3700-cü top kimi düşüb. Baş tutan 1216 qarşılaşmadan sonra bu rəqəm 3713-ə yüksəlib.
Qeyd edək ki, Azərbaycan Kubokunda ilk qolu 1992-ci ildə “Pambıqçı”nın (Neftçala) futbolçusu Elnur Əsgərov vurub.
Xatırladaq ki, Azərbaycan Kubokunun 1-ci təsnifat mərhələsində məhsuldarlıq rekordu da qeydə alınıb. Baş tutan 6 qarşılaşmada 36 qol vurulub. “Qaradağ Lökbatan” – “Şəki” (12:0) matçında 12, “Ağdaş” – “Hypers” (1:6) qarşılaşmasında 7, “Şəmkir” – “Ağstafa Gəncləri” (1:5) oyununda 6, “Şirvan” – “Kür-Araz” (1:3) və “Difai” – “Zəngəzur” (1:3) görüşlərinin hərəsində 4, “Marafon” – “Dinamo” (3:0) qarşılaşmasında 3 qol qeydə alınıb.
Mərhələnin 6 görüşündə orta məhsuldarlıq 6,00-a bərabər olub. Bu, Azərbaycan Kuboku tarixinin rekordunun təkrarıdır. 1997/1998-ci illər mövsümündə 1/16 finalın baş tutan 19 görüşündə 114 qol vurulub və məhsuldarlıq 6,00-ya bərabər olub. Həmin rekord 29 ildən sonra təkrarlanıb.


