Azərbaycan Kubokunun 29-cu finalında ilklər qeydə alınacaq

Futbol üzrə Azərbaycan Kubokunun indiyə qədər keçirilən 28 final qarşılaşmasını 17 müxtəlif baş hakim idarə edib.

Arena.az xəbər verir ki, 1992-ci ildən keçirilən yarışın şərikli rekordçuları Fariz Yusifovla Əliyar Ağayevdir. Onlar hamıdan çox – hərəyə 4 dəfə həlledici görüşdə ədaləti qoruyublar.

Vüsal Əliyev və Xaqani Məmmədov 3, Tahir Süleymanov 2 final idarə edib. Digər 12 referi isə hərəyə 1 dəfə finalda baş hakim funksiyasını yerinə yetirib. Bunlar Gülağa Cabbarov, Orucəli Durmuşov, Nüvər Xasıyev, Asim Xudiyev, Məhəmməd Məmmədov, İmanxan Sultani, Manuel Qrafe (Almaniya), Elçin Məmmədov, Rəhim Həsənov, Rauf Cabarov, İnqilab Məmmədov və Elçin Məsiyevdir.

16-cı kim olacaq?

Bu gün keçiriləcək “Neftçi” – “Qəbələ” oyununda qalib gələcək komandanın baş məşqçisi Azərbaycan Kubokunu qazanan 16-cı mütəxəssis olacaq. İyunun 3-dəki görüş həm Laurentsiu Regekampf, həm də Elmar Baxşıyev üçün ilk şansdır. Bunadək Azərbaycan Kubokunda final həyəcanı yaşamayan mütəxəssislərdən biri ilk cəhddən titula sahib çıxacaq.

İndiyədək 15 baş məşqçi kubok sahibi olub. Mütləq rekord Qurban Qurbanova məxsusdur:

Qurban Qurbanov – 5 dəfə
Mehman Allahverdiyev – 4 dəfə
Agasəlim Mircavadov – 3 dəfə
Böyükağa Hacıyev, Kazbek Tuayev, Əsgər Abdullayev, Sənan Qurbanov – hərəyə 2 dəfə
Böyükağa Ağayev, Məmmədəli Məmmədov, Əhməd Ələsgərov, Cüneyt Biçər, Mirça Rednik, Vaqif Sadıqov, Novruz Əzimov, Yuri Maksimov – hərəyə 1 dəfə.

İlk dəfə “Bakcell Arena”da

Azərbaycan Kubokunun final matçı ilk dəfə Bakıdakı “Bakcell Arena”da baş tutacaq. Ümumilikdə isə əvvəlki 28 finala 7 stadion ev sahibliyi edib. “Bakcell Arena” bu siyahıda 8-ci olacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda daha çox – 18 belə matç keçirilib. Qəbələ şəhər stadionunda 3 final təşkil edilib.
Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionu və Naxçıvan Muxtar Respublika Stadionunun hərəsində iki, “Şəfa” (indiki “ASK Arena”), “Dalğa Arena” və “Bank Respublika Arena”da bir dəfə kubokun qalibi müəyyənləşib.

Xatırladaq ki, 1992-ci ildən keçirilən yarışda 2001/02 və 2019/20 mövsümləri yarımçıq qalıb, 2002/03 mövsümü keçirilməyib.