Azərbaycan çempionatlarında cari mövsümün yeni rekordu

Ötən gün baş tutan “Göygöl” – “Şəmkir” matçında futbol üzrə Azərbaycan çempionatlarında 2023/2024 mövsümünün rekordu qeydə alınıb.

Arena.az xəbər verir ki, bu bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, İkinci Liqanın 11-ci turuna təsadüf edən “Göygöl” – “Şəmkir” matçı mövsümün ən məhsuldar oyunu olub.

Bu görüşdə qapılara 10 qol vurulub. Meydan sahiblərinin 8:2 hesabı ilə qalib gəldiyi matça qədər mövsümün heç bir qarşılaşmasında qol sayı ikirəqəmli ədədlə ifadə olunmamışdı.

Premyer Liqa, Birinci Liqa, İkinci Liqa və Əvəzedicilər Liqasının arxada qalan hissəsinin əvvəlki rekordu 9 qolun vurulduğu iki matçda qeydə alınmışdı. Bu, İkinci Liqanın “Kür-Araz” – “Kürmük Qax” (6:3) və “Şahdağ Qusar” – “Dinamo” (9:0) oyunlarına təsadüf edib.

Azərbaycan çempionatlarında 10 və ya daha çox qolun vurulduğu son matç 2022/2023 mövsümündə baş tutmuşdu. Birinci Divizionun bu il martın 30-da keçirilmiş “Turan Tovuz-2” – “Araz-Naxçıvan” qarşılaşmasında qonaqlar 6:5 hesablı qələbə qazanmışdılar.

Xəbəri sosial şəbəkələrdə paylaş: