Azərbaycan millisi üçün 6-cı Latviya sınağı

Düz bir ildir qələbəyə həsrət olan, son vaxtlar məğlubiyyətləri sıralayan futbol üzrə Azərbaycan millisi bu gün növbəti sınağına çıxacaq.

Arena.az xəbər verir ki, Fernando Santosun rəhbərlik etdiyi millimiz səfərdə Latviya yığması ilə üz-üzə gələcək.

Riqa şəhərində yerləşən “Skonto” stadionunda baş tutacaq yoxlama oyununu Maltadan olan baş hakim idarə edəcək.

Fernando Santosun gəlişindən sonra keçirdiyi 8 oyunun 7-də məğlub olmuş, cəmi 1 görüşdə heç-heçə etmiş millimiz portuqal mütəxəssislə ilk qələbəsini qazanmaq arzusundadır. Bir nömrəli komandamız sonuncu dəfə 2024-cü ilin iyun ayının 11-də Sombatxeydə yoxlama oyununda üz-üzə gəldiyi Qazaxıstanla oyunda qələbə sevinci yaşayıb – 3:2.

Latviya yığması Azərbaycan millisi üçün tanış rəqibdir. Komandamız indiyə qədər bu rəqiblə 5 dəfə qarşılaşıb. Maraqlıdır ki, bu oyunların hamısı yoxlama görüşü olub. Rəsmi oyunlarda qarşılaşmadığımız latışlarla görüşlərimizin üçündə heç-heçə (0:0, 0:0, 2:2) qeydə alınıb. 2018-ci ildə Riqada 3:1 hesabıyla məğlub etdiyimiz Latviya yığması ilə sonuncu görüşümüz 2022-ci ildə Maltada baş tutub. Ta Qalidəki oyunda 0:1 hesabıyla uduzmuşuq.

Latviya millisini 58 yaşlı Paolo Nikolato çalışdırır. 2016-cı ildə İtaliyanın 18 yaşlılardan ibarət millisində işə başlayan italiyalı mütəxəssis sonradan ölkənin U-19, U-20 və U-21 komandalarına da rəhbərlik edib. Onun başçılığı altında İtaliyanın U-19 millisi 2018-ci ildə Avropa birinciliyində gümüş medal qazanıb. Daha sonra U-20 dünya birinciliyində də 4-cü yeri tutublar. Ötən ildən əsas komandanı çalışdıran Nikolato 12 oyunda 3 qələbəyə sevinib, 6 məğlubiyyətə üzülüb.

Latışlar da hazırda yaxşı vəziyyətdə deyillər. Baltikyanı ölkənin komandası da Azərbaycan millisi kimi ötən il UEFA Millətlər Liqasının C Divizionunda qrupda sonuncu yeri tutaraq D divizionuna yuvarlanıb. Amma bu, bizim rəqibdən güclü olduğumuz anlamına gəlmir. Hazırda kimin daha güclü olduğunu yalnız qarşıdakı 90 dəqiqənin sonunda biləcəyik.

Yoxlama oyunu
7 iyun

Latviya – Azərbaycan
Hakimlər: Trustin Farruciya Cann, Luke Portelli, Roberto Vella (hər üç Malta), Vitali Spasyonnikov (Latviya).
Skonto stadionu. Saat 17:00.

Xəbəri istədiklərinizlə paylaşın