Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk “Daejeon Hana Sitizen”in komandasının heyətində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Cənubi Koreya çempionatının (K Liqa 1) 2025-ci il mövsümünün final mərhələsindəki ikinci oyununda “Seul”la qarşılaşıb.
“Daejeon Hana Sitizen” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Krivotsyukun komandası yekunda inamlı qələbəyə sevinib – 3:1.
Anton bu görüşdə 90 dəqiqə meydanda olub. Komandasının ilk qolunu da 47-ci dəqiqədə Krivotsyuk vurub. Üçüncü qolda da Anton məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb və bu matçın ulduzuna çevrilib.
“Daejeon Hana Sitizen” cari mövsümdə keçirdiyi 35 oyuna topladığı 61 xalla 12 iştirakçı arasında ikinci yerdə qərarlaşıb. Krivotsyukun komandası 35 oyuna 17 qələbə qazanıb, 10 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb. Anton bu görüşlərin 27-də iştirak edib, 2 qola imza atıb.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 89 oyuna çıxıb, 5 qol, 3 məhsuldar ötürmə müəllifi olub. 26 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.
Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 43 matça çıxıb, 1 qola imza atıb.


