Basketbol: “Sabah”ın Rimas Kurtinaytislə ilk məğlubiyyəti

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 14-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Sərhədçi” İdman Mərkəzində baş tutan turun açılış matçında liderlər qrupunda qərarlaşan komandalar – son çempion “Sabah” və “Neftçi” üz-üzə gəliblər. Oyuna daha fəal başlayan “Neftçi” qarşılaşmanın ilk dəqiqələrindən üstünlüyü ələ keçirərək yekunda 101:87 hesablı qələbə qazanıb. Qalib komandanın ən məhsuldar basketbolçusu Alfonso Villis olub – 25 xal, 6 ribaund. “Sabah”da isə Mayk Holton fərqlənib – 17 xal, 5 asist.

Qeyd edək ki, bu, “Sabah”ın yeni baş məşqçisi Rimas Kurtinaytisin rəhbərliyi altındakı ilk məğlubiyyətidir.

14-cü turun növbəti oyunları (“Xəzri” – “Şəki”, “Sumqayıt” – “Cəlilabad”, “Gəncə” – “Sərhədçi”, “NTD-İndiqo” – “Xırdalan”) 8-11 fevral aralığında baş tutacaq.

Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Turnir cədvəli

  1. Sabah (14 oyun, 11 qələbə, 3 məğlubiyyət) – 25 xal
  2. Xəzri (13 oyun, 11 qələbə, 2 məğlubiyyət) – 24 xal
  3. Neftçi (14 oyun, 10 qələbə, 4 məğlubiyyət) – 24 xal
  4. NTD-İndiqo (13 oyun, 10 qələbə, 3 məğlubiyyət) – 23 xal
  5. Xırdalan (13 oyun, 8 qələbə, 5 məğlubiyyət) – 21 xal
  6. Cəlilabad (13 oyun, 5 qələbə, 8 məğlubiyyət) – 18 xal
  7. Sərhədçi (13 oyun, 5 qələbə, 8 məğlubiyyət) – 18 xal
  8. Sumqayıt (13 oyun, 3 qələbə, 10 məğlubiyyət ) – 16 xal
  9. Gəncə (13 oyun, 3 qələbə, 10 məğlubiyyət) – 16 xal
  10. Şəki (13 oyun, 13 məğlubiyyət) – 13 xal
Xəbəri sosial şəbəkələrdə paylaş: