ABL: “Abşeron Lions” və “Sabah” yarımfinalda!

“Abşeron Lions” və “Sabah” komandaları Azərbaycan Basketbol Liqasının (ABL) 2025/26 mövsümündə yarımfinala vəsiqə qazanıblar.

Arena.az xəbər verir ki, bu gün 1/4 final mərhələsinin növbəti iki oyunu keçirilib.

Əvvəlcə, “Abşeron Lions” “Şəki”nin qonağı olub. Sözügedən komandalar Şəki Olimpiya İdman Kompleksində üz-üzə gəliblər. İlk görüşdə “Abşeron Lions” 109:78 hesabıyla üstün olmuşdu. Cavab görüşündə də 105:94 hesabı ilə qalib gəlmiş paytaxt təmsilçisi ilk yarımfinalçı olub.

Günün ikinci matçında “Sabah” “Naxçıvan”la qarşılaşıb. “Bayquşlar” birinci dueldən qalib ayrılmışdılar – 106:74. Bakı İdman Sarayındakı baş tutmuş ikinci qarşılaşma da 97:86 hesabı ilə “Sabah”ın xeyrinə yekunlaşıb. Beləliklə, paytaxt təmsilçisi növbəti yarımfinalçı olub.

Xatırladaq ki, ötən gün “Gəncə” “Ordu”nu 85:78 (ilk oyun – 106:108) “Neftçi” NTD-ni 119:99 (ilk oyun – 94:97) hesabı ilə məğlub etmişdi. Bu cütlərdə üçüncü qarşılaşma baş tutacaq. ABL-in cari mövsümünün reqlamentinə əsasən, 1/4 finalda iki qələbəyə daha tez çatmış komanda növbəti mərhələyə adlayır.

Xəbəri sosial şəbəkələrdə paylaş: