“Bavariya” Yulian Naqelsman ilə anlaşdı – RƏSMİ

Almaniyanın “Bavariya” komandasını növbəti mövsümdən Yulian Naqelsman çalışdıracaq.

Arena.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.

Hazırda “Leypsiq”ə rəhbərlik edən 34 yaşlı mütəxəssis bu mövsümün sonunda sözügedən klubdan ayrılacaq. “Bavariya” onun “Leypsiq”lə müqaviləsinin vaxtından əvvəl ləğv olunması üçün 25 milyon avro təzminat ödəyəcək. Bu, bir məşqçinin azad agent statusu alması üçün ödənilən ən yüksək məbləğdir. Bundan əvvəlki rekord Joze Mourinyoya məxsus idi. İngiltərənin “Çelsi” klubu 2011-ci ildə onu baş məşqçi postuna gətirmək üçün “Portu”ya 15 milyon avro təzminat ödəmişdi.

Yulian Naqelsman “Bavariya” ilə 2026-cı ilin yayına qədər anlaşıb. O, 2019-cu ilin yayından “Leypsiq”i çalışdırırdı. Gənc mütəxəssis 2016-2019-cu illər aralığında da “Hoffenhaym”a rəhbərlik edib.

Qeyd edək ki, hazırda “Bavariya”nı Hansi Flik çalışdırır. Münhen klubuna ötən mövsüm bir neçə titul qazandıran bu məşqçi ilə müqavilənin müddəti 2023-cü ilin yayında başa çatacaqdı. Amma “Bavariya” rəhbərliyi Fliklə müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı razılığa gəlib. Flikin də Münhen təmsilçisindən ayrılandan sonra Almaniya yığmasının sükanı arxasına keçməsi gözlənilir. Çünki millinin baş məşqçisi Yoahim Löv bu yay baş tutacaq AÇ-2020-dən sonra postundan gedəcəyini açıqlayıb.

“Bavariya” bu mövsüm Hansi Flikin rəhbərliyi altında Almaniya Bundesliqasında keçirdiyi 31 oyunda 71 xal toplayıb. İlk pillədə olan komandanın növbəti çempionluğu üçün cəmi bir neçə xal lazımdır. Münhenlilərin ən yaxın izləyicisi isə məhz “Leypsiq”dir. Naqelsmanın komandası hazırda 64 xalla ikincidir.