Almaniya futbolunun ən nəhəng klubu hesab edilən “Bayern” 1995-ci ilin aprelindən bəri avrokuboklarda ilk dəfə 5 qol buraxıb.
Arena.az xəbər verir ki, Münhen təmsilçisi son olaraq UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda PSJ-yə Parisdə 4:5 hesabı ilə məğlub olub.
Sözügedən komanda bundan öncə 1994/1995-ci illər mövsümündə UEFA Çempionlar Liqasının yarımfinalında “Ayaks”a (Niderland) 2:5 hesabı ilə uduzmuşdu.
Xatırladaq ki, Almaniya və Fransa çempionları arasında cavab oyunu mayın 6-da Münhen şəhərində keçiriləcək. “Bayern” ilk oyunda uduzsa da, mərhələ adlamaq şansları hələ də yüksək qiymətləndirilir. PSJ isə ÇL-in sonuncu qalibidir və titulunu qorumaq üçün çalışır.
Bu matçın qalibi finalda “Atletiko” (Madrid, İspaniya) – “Arsenal” (İngiltərə) cütünün qalibi ilə üz-üzə gələcək. Sözügedən komandaların ilk oyunu bu gün Madrid şəhərində təşkil ediləcək. Cavab görüşü isə bir həftə sonra baş tutacaq.


