Futbol üzrə Almaniya yığma komandasının və ölkə çempionu “Bayern”in təcrübəli qapıçısı Manuel Noyer yenidən zədələnib.
Arena.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, təcrübəli qolkiper millinin düşərgəsində zədələnib. Bu üzdən də onun klubun düşərgəsinə qayıdacağı açıqlanıb. Noyerin zədəsinin nə dərəcədə ciddi olduğuna ətraflı müayinələrdən sonra aydınlıq gələcək.
Qeyd edək ki, Almaniya yığması martın 24-də Fransa, ayın 26-da isə Niderland millisi yoxlama oyunlarında üz-üzə gələcək. Noyer bu oyunlarda iştirak edə bilməyəcək.
Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. O, Münhen klubuna 30 milyon avro qarşılığında elə, “Şalke”dən transfer edilib. Noyerin münhenlilərlə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Almaniya nəhəngi komandanın kapitan sarğısını məhz veteran Noyerə etibar edib.
Cari mövsümdə Noyer “Bayern”in heyətində bütün yarışlarda 24 oyuna çıxıb, 28 qol buraxıb, 9 oyunda qapısının toxunulmazlığını təmin edib. O, Münhen klubunda bütövlükdə 512 oyuna çıxıb, 412 qol buraxıb, 242 “quru” matç keçirib.
Noyer futbol uğurlarına məhz “Bayern”də çıxış etdiyi müddətdə nail olub. “Bayern”lə Noyer 11 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 7 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Həmçinin Maneul 2 dəfə (2011, 2014) Bundesliqada mövsümün futbolçusu seçilib.
Manuel Noyer hazırda kapitanı olduğu, 2009-cu ilin iyununda debüt etdiyi Almaniya yığmasının heyətində 117 oyun keçirib, 113 qol “yeyib”, 48 oyundan “quru” qurtulub. Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyerin həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.
“Transfermarkt” internet-portalı 37 yaşlı alman qapıçının transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.


