“Mançester Siti”nin ingilis hücumçusu Cek Qriliş Almaniyada keçirilmiş Avropa çempionatından (AÇ-2024) sonra duyğularını paylaşıb.
Arena.az ingilis futbolçunun bu barədə fikrini təqdim edir:
“Tətildə olduğun zaman, telefonunu və ya televizorunu hər dəfə açdığında Avropa çempionatına baxırsan. Odur ki, baxmaq çətin idi. Mənə elə gəlirdi ki, komandada olmalıyam. Və hiss edirəm ki, İngiltərə komandasına təklif edəcəyim xüsusi bir nəsə var. Amma nə var, odur. Artıq dediyim kimi, bu, bir futbolçu kimi mənim üçün ən çətin məqam idi. Karyeramda çoxlu eniş-yoxuş olub”, deyə Qriliş vurğulayıb.
Cek Qriliş “Mançester Siti”yə 2021-ci ilin avqustunda “Aston Villa”dan 117,5 milyon avro qarşılığında gəlib. 28 yaşlı futbolçu 2023/2024 mövsümündə “şəhərlilər”in heyətində 36 oyuna çıxıb, 3 qol və 3 assistlə yadda qalıb. Onun “Mançester Siti” karyerası bütövlükdə 125 oyun, 14 qol və 18 məhsuldar ötürmədən ibarətdir.
Qriliş “Mançester Siti”dən öncə “Aston Villa” və “Notts Kaunti” klublarında forma geyinib. Vaxtilə İrlandiyanın U-17, U-18 və U-21 yığmalarında oynamış Qriliş, 2016-cı ildən İngiltərənin gənclərdən ibarət millisində forma geyinməyə başlayıb. 2020-ci ilin sentyabrında əsas millidə debüt etmiş futbolçu indiyə qədər İngiltərə yığmasında 35 oyuna çıxıb, 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 28 yaşlı Qrilişin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.


