Çin mətbuatı Messini Honkonq və Pekini aşağılamaqda ittiham edir

Çin mətbuatı “İnter Mayami”nin argentinalı ulduzu, hücumçu Lionel Messini Pekini alçaltmaq cəhdində ittiham edib.

Arena.az xatırladır ki, “Leo” “İnter Mayami”nin Honkonq yığması ilə yoldaşlıq oyununda (4:1) iştirak etməyib.

“Bir fərziyyə ondan ibarətdir ki, Messinin davranışı siyasi motivlidir, çünki Honkonq bu hadisə ilə iqtisadiyyata rəvac vermək istəyirdi. Xarici qüvvələr bu hadisə ilə Honkonqu bilərəkdən aşağılamaq istəyirdilər. Bu fərziyyəni istisna etmək olmaz”, – Çin milli mətbuatı mövqeyini açıqlayıb.

Xatırladaq ki, Messinin yoldaşlıq oyununda meydanda olmaması azarkeşlərin, eləcə də Honkonq və Çinin dövlət qurumlarının nümayəndələrinin kütləvi narazılığına səbəb olub. Azarkeşlər argentinalı ulduzu, eləcə də meydana çıxmayan uruqvaylı ulduz, hücumçu Luis Suaresi fitə basıblar.

Lionel Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Messinin amerikan kulubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Messi “İnter Mayami”nin heyətində bütün yarışlarda 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib. “Leo” “vağlar”la ötən il Liqalar Kubokunun qalibi olub.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasının heyətində 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Ötən il oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.

Həmçinin Messi bu il Argentinada ilin idmançısı seçilib və bu, “Leo”nun müvafiq mükafatla 4-cü təltifidir ki, bu göstərici yalnız Messiyə məxsus rekorddur.

“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: