İngiltərənin “Kristal Pelas” klubunun hücumçusu Cordan Ayyu bundan sonra karyerasını “Lester Siti”də davam etdirəcək.
Arena.az xəbər verir ki, bu barədə Lester təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Lester Siti”nin bu transfer üçün 5,9 milyon avro ödədiyi bildirilir. 32 yaşlı qanalı forvard yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
Cordan Ayyu Marsel “Olimpik”inin yetirməsidir. “Soşo”, “Loryan”, “Aston Villa”, “Suonsi Siti” kimi klubların da formasını geyinmiş hücumçu, “Kristal Pelas”a 2019-cu ilin iyulunda 2,8 milyon avro müqabilində keçmişdi. O, bu klubun heyətində 212 oyun keçirib, 23 qol və 22 məhsuldar ötürmə müəllifi olub.
Ayyu 2010-cu ildən formasını geyindiyi Qana yığmasında da 103 oyuna 27 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
“Kristal Pelas”ın mərkəz müdafiçisi Yoakim Andersen də Premyer Liqanın digər təmsilçisi “Fulhem”ə keçib. Sözügedən klub 28 yaşlı danimarkalı futbolçunun transferi üçün 29,5 milyon avro ödəyib. Danimarka millisinin üzvü yeni klubu ilə 5+1 illik müqaviləyə imza atıb.
Yoakim Andersen peşəkar karyerasına Niderlandın “Tvente” klubunda başlayıb. “Sampdoriya” və “Olimpik” (Lion) kimi klublarda da oynamış futbolçu, 2020/2021 mövsümün icarə əsasında məhz “Fulhem”də keçirib. Həmin vaxt o, bu komandanın heyətində 31 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Kristal Pelas” Anderseni 2021-ci ilin iyul ayında Lion “Olimpik”indən 17,5 milyon avro müqabilində transfer etmişdi. O, sözügedən klubun heyətində 113 oyun keçirib, 3 qol və 6 məhsuldar ötürmə müəllifi olub.
“Kristal Pelas”da daha 5 ayrılıq
Cordan Ayyu ilə Yoakim Andersenin satışından bütövlükdə 35,4 milyon avro qazanan “Kristal Pelas” daha bir neçə futbolçusu ilə yollarını ayırıb. 22 yaşlı dayaq yarımmüdafiəçisi Malaçi Boatenq Şotlandiyanın “Harts” klubuna keçib və 3 illik müqavilə bağlayıb. 27 yaşlı digər dayaq yarımmüdafiəçisi Jayro Ridevald da azad agent kimi Belçika təmsilçisi “Antverpen”ə keçib. O, yeni klubu ilə 2+1 illik müqaviləyə imza atıb.
Vingerlər Cezaran Rak-Saki və Malkom Ebiouey və hücumçusu Ola Adebomi isə icarəyə veriliblər. 21 yaşlı Rak-Saki “Şeffild Yunayted”ə, 20 yaşlı Ebiouey “Oksford Yunayted”ə, 20 yaşlı Adebomi isə “Beveren”ə keçib. Onların hər biri bu mövsümün sonuna kimi icarədə olacaq.