“Krasnodar”ın müdafiəçisi Covanni Qonsales PSJ-nin çıxışını izlədiyini bildirib, parislilərin rusiyalı qapıçısı Matvey Safonovdan danışıb.
Arena.az 30 yaşlı uruqvaylı sağ cinah müdafiəçisinin bu barədə açıqlamasını təqdim edir:
“PSJ-ni izləyirəm. Onlar heç də ixtiyari oyunçunu baxışdan keçirmirlər. Safonov buna layiqdir, mən isə ümidvaram ki, siz də onun “Krasnodar”dakı çıxışından zövq ala bilmisiniz”, deyə Covanni Qonsales bildirib.
Xatırladaq ki, Matvey Safonov PSJ-yə 2024-cü ilin iyul ayında Rusiyanın “Krasnodar” klubundan keçib. Paris klubu bu transfer üçün 20 milyon avro ödəyib. 25 yaşlı qolkiperlə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Safonov cari mövsümdə PSJ-nin heyətində 12 oyuna çıxıb. O, bu oyunlarda 7 qol buraxıb, 6 oyunda qapısını toxunulmaz saxlayıb.
“Krasnodar”ın yetirməsi olan Matvey Safonov 2019-cu ildən bu klubun əsas komandasında forma geyinməyə başlayıb. O, bu komandada 175 oyuna çıxıb, 208 qol buraxıb, 53 matçda qapısını toxunulmaz saxlayıb.
Rusiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Safonov, 2021-ci ildən əsas millidə forma geyinir. O, Rusiya milli komandasında 14 oyuna çıxıb, 8 qol buraxıb, 9 matçdan “quru” qurtulub.
“Transfermarkt” internet-portalı 25 yaşlı rusiyalı qapıçının transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.


