Cud Bellingem mövsümün ən yaxşısı elan edildi

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Cud Belingem Bundesliqada 2022/2023 mövsümünün ən yaxşı oyunçusu adına layiq görülüb.

Arena.az xəbər verir ki, bu barədə Almaniya Bundesliqasının rəsmi saytı məlumat yayıb.

İngiltərədən olan 19 yaşlı futbolçu geridə qalan mövsüm ərzində Almaniya çempionatında 31 matçda meydana çıxıb. O, bu görüşlərdə 8 qol vurub və 5 məhsuldar ötürmə müəllifi olub.

Yeri gəlmişkən, “Whoscored” statistik portalı da Almaniya Bundesliqasında 2022/2023 mövsümünün ən yaxşı futbolçularından ibarət simvolik “11-li”yi açıqlayıb. Bellingem orta hesabla 7.6 xalla bu cədvəldə də ilin oyunçusu seçilib.

Bundesliqada mövsümün simvolik komandası:

Qapıçı: Frederik Rennov (“Union Berlin”, 7.0);

Müdafiəçilər: Jeremi Frimponq (“Bayer”, 7.1), Benjamin Pavar (“Bayern”, 7.2), Niko Şlotterbek (“Borussiya”, Dortmund, 7.1), Rafael Gerrero (“Borussiya”, Dortmund, 7.3);

Yarımmüdafiəçilər: Dominik Soboslai (“Leypsiq”, 7.3), Cud Bellingem (“Borussiya”, Dortmund, 7.6), Yozua Kimmix (“Bayern”, 7.5), Camal Musiala (“Bavariya”, 7.3);

Hücumçular: Niklas Fullkruq (“Verder”, 7.4), Randal Kolo Muani (“Ayntraxt”, 7.3).

Xatırladaq ki, Cud Bellingem Dortmund “Borussiya”sına 2020-ci ilin iyul ayında İngiltərənin “Birmingem” klubundan 25 milyon avro qarşılığında transfer olunub. Gənc yarımmüdafiəçi Almaniya klubunda bütövlükdə 132 oyuna çıxıb. O, görüşlərdə 24 qol vurub, 25 məhsuldar ötürmə ilə yadda qalıb.

İngilis futbolçunun “Birmingem” karyerası isə 44 oyun, 4 qol və 2 asistdən ibarətdir. Bellingem İngiltərə yığma komandasında da 24 oyuna çıxıb və 1 qola imza atıb.