Türkiyə çempionu “Qalatasaray” heyətini iki yeni futbolçu – Davinson Sançes və Tanqi Ndombele ilə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Hər iki futbolçu İngiltərənin “Tottenhem” klubundan İstanbul təmsilçisinə keçib. “Sarı-qırmızılar” Ndombeleni bu mövsümün sonuna kimi icarəyə götürülüblər. “Tottenhem”ə icarə haqqı ödənilməyəcək. Əvəzində futbolçunun özünə bu bir il ərzində 3,136 milyon avro veriləcək. “Qalatasaray” yayda Ndombeleni birdəfəlik transfer etmək istəsə, 15 milyon avro ödəməlidir.
Xatırladaq ki, Tanqi Ndombele “Tottenhem”ə 2019-cu ilin yayında Lion “Olimpik”indən 62 milyon avro qarşılığında keçib. 26 yaşlı yarımmüdafiəçi London klubunun heyətində 91 oyuna 10 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. Əslən Konqodan olan fransalı futbolçu Lion “Olimpik”i, “Napoli” və “Amyen”də də forma geyinib. O, Fransa yığmasında da 7 matça çıxıb.
Davinson Sançes isə “Qalatasaray”a 9,5 milyon avro müqabilində birdəfəlik transfer olunub. Kolumbiyalı 27 yaşlı mərkəz müdafiəçisi yeni klubu ilə 4+1 illik müqaviləyə imza atıb. “Qalatasaray” bu transferə görə “Tottenhem”ə 9,5 milyon avro ödəyəcək. Sançes özü də ilinə 3,2 milyon avro qazanacaq.
Davinson Sançes 2017-ci ildə 42 milyon avro qarşılığında keçdiyi “Tottenhem”də 207 oyuna çıxıb, 5 qol və 1 assist müəllifi də olub. O, daha öncə “Ayaks”dan başqa “Atletiko Nasional”ın da uğurları üçün çalışıb. Müdafiəçi Kolumbiya yığmasında 54 oyuna 1 qol vurub.
Berkan Kutlu “Cenoa”ya üz tutdu
“Qalatasaray”ın öz yarımmüdafiəçisi Berkan Kutlu isə İtaliyanın “Cenoa” klubuna keçib. A Seriyası təmsilçisi 25 yaşlı futbolçunu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. “Qalatasaray”da 84 oyuna 1 qol və 5 assistlə yadda qalmış Berkan “Alanyaspor”, “Monte”, “Sion” kimi klubların da formasını geyinib, Türkiyənin əsas yığmasında 7 oyun keçirib.
“Cenoa” Belçikanın “Standard” klubunun mərkəz yarımmüdafiəçisi Leandre Kuavitanı da icarəyə götürüb. Əslən Anqoladan olan belçikalı 19 yaşlı futbolçu da bu mövsümün sonuna kimi icarədə olacaq.
“Cenoa” dörd futbolçusu ilə də yollarını ayırıb. Avstriyalı dayaq yarımmüdafiəçisi Ştefan İlsanker azad agent kimi komandanı tərk edib. 34 yaşlı futbolçunun karyerasını davam etdirib-etdirməyəcəyi bilinmir.
Mattia Aramu “Bari”yə, Filippo Meleconi “Recciana”ya, Kelvin Yeboa isə “Monpelye”yə keçib. Onların hər üçü icarə əsasında bu komandalarda forma geyinəcəklər.


