Türkiyənin “Başakşəhər” klubu hücumçusu Demba Ba ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
35 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Ona göstərdiyi xidmətlərə görə təşəkkür edən klub, bundan sonrakı karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Dembanın İstanbul təmsilçisindən ayrılmasına baş məşqçi Aykut Kocamanla münasibətlərinin pisləşməsi səbəb olub. Türkiyə mətbuatının iddiasına görə Ba, oyunlardan birində komanda yoldaşları ilə motivasiya tipli söhbət edib və bu, baş məşqçinin xoşuna gəlməyib. Kocaman bunu, öz işinə müdaxilə kimi qəbul edib. Digər bir iddiaya görə, futbolçu ilə baş məşqçi arasındakı münaqişəyə hücumçunun oruc tutması səbəb olub.
Demba Ba 2019-cu ilin yanvarından “Başakşəhər”də çıxış edirdi. Onun klubla müqaviləsinin müddəti bu mövsümün sonuna kimi idi. Seneqallı futbolçu İstanbul komandasının heyətində 82 oyunda meydana çıxıb və 26 qola imza atıb. O, bu mövsüm çıxdığı 37 oyunda 9 qol vurub, 3 məhsuldar ötürmə etmişdi.
Seneqal millisinin sabiq forvardı “Başakşəhər”dən öncə “Şanxay Şenxua” (Çin), “Göztəpə”, “Beşiktaş” (hər ikisi Türkiyə), “Çelsi”, “Nyukasl”, “Vest Hem” (hər üçü İngiltərə), “Hoffenhaym” (Almaniya), “Muskron” (Belçika) və “Ruan” (Fransa) klublarının da uğurları üçün çalışıb.
Ötən mövsüm Türkiyə çempionu olan “Başakşəhər” bu mövsüm Super Liqada uğursuz çıxışı ilə diqqət çəkir. Aykut Kocamanın komandası keçirdiyi 34 oyunda cəmi 36 xal toplaya bilib və 21 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.


