Səudiyyə Ərəbistanı Peşəkar Liqasında 2025/2026-cı illər mövsümünün qalibi olmuş “Əl-Nəsr” baş məşqçisi Jorje Jezus ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı mütəxəssislə müddəti başa çatmış müqavilənin müddəti uzadılmayıb. Klub ona xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, “Əl-Nəsr”də Kristiano Ronaldo və Sadio Mane kimi dünya ulduzları çıxış edir. Jorje Jezus 2025-ci ilin iyul ayından bu komandaya rəhbərlik edirdi. “Əl-Nəsr” Jezusun rəhbərliyi altında Səudiyyə Ərəbistanı Pro Liqasında 2025/2026-cı illər mövsümünün qalibi olub. Komanda Asiya Çempionlar Liqasının 2-ci divizionunda finala yüksəlsə də, burada məğlub olub. “Əl-Nəsr” Jezusun rəhbərliyi altında bütövlükdə 49 oyuna çıxıb, 40 qələbə qazanıb, 2 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.
Jorje Jezus 2023-2025, həmçinin 2018-2019-cu illərdə Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasını da çalışdırıb. O, “Əl-Hilal”a Səudiyyə Ərəbistanı çempionluğunu (2023/2024), Səudiyyə Ərəbistanı Kubokunu (2023/2024), Səudiyyə Ərəbistanı Super Kubokunu (2018/2019, 2023/2024, 2024/2025) qazandırıb.
Portuqaliyalı məşqçi ölkəsində “Benfika”dakı uğurlarına görə tanınıb. O, “Flamenqo”, “Sportinq”, “Braqa”, “Belenenseş”, “Unian Leyriya”, “Moreyrense”, “Vitoriya Gimaraynş” kimi klublarda da baş məşqçilik edib. Jezus bir müddət Türkiyənin “Fənərbağça” komandasını da çalışdırıb.


