Geridə qalan mövsüm bitən kimi Oliver Qlasnerlə yollarını ayıran Almaniyanın “Ayntraxt” komandasında yeni baş məşqçi Dino Toppmöller olacaq.
Arena.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.
42 yaşlı mütəxəssislə müddəti 2026-cı ilin iyununa kimi nəzərdə tutulmuş müqavilə imzalanıb.
Dino Toppmöller futbolçu karyerası dönəmində də bir mövsüm “Ayntraxt”da çıxış edib. O, 2002/2003 mövsümündə Frankfurt təmsilçisində 16 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
2010-cu ildən məşqçiliyə başlamış 42 yaşlı mütəxəssis son olaraq Almaniya nəhəngi “Bayern”də sabiq baş məşqçi Yulian Nagelsmannın köməkçisi olub. Ondan öncə “Leypsiq”də də köməkçi məşqçi kimi fəaliyyət göstərmiş Toppmöller, “Virton”, “Düdelanj”, “Hamm Benfika”, “Merinq” kimi komandalarda da baş məşqçi olub.
Xatırladaq ki, “Ayntraxt”a 2021-ci ilin yayından Oliver Qlasner rəhbərlik edirdi. 48 yaşlı mütəxəssis ilk mövsümündə Frankfurt təmsilçisini Avropa Liqasının qalibi etmişdi. Amma geridə qalan mövsümün o qədər də uğurlu olmaması avstriyalı mütəxəssisin bu komandadan ayrılmasına səbəb olub. Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər. Halbuki, Qlasnerlə sözləşmə qarşıdakı mövsümün sonuna qədər nəzərdə tutulmuşdu. O, “Ayntraxt”ı bütövlükdə 97 oyuna çıxarıb. Bu oyunlarda 39 qələbə qazanmış komanda 29 heç-heçə edib, 29 məğlubiyyətə üzülüb.
Frankfurt təmsilçisi Bundesliqanın geridə qalan mövsümündə 38 oyuna topladığı 50 xalla 7-ci yeri tutub. “Ayntraxt” Almaniyanı Avropa Konfrans Liqasında təmsil edəcək.


