Ukraynanın “Minay” klubunun yarımmüdafiəçisi Eldar Quliyev Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə”yə transfer olunub. Arena.az xəbər verir ki, bu barədə “Zirə” klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, 20 yaşlı futbolçu ilə 3.5 illik müqavilə imzalanıb.
Azərbaycan əsilli Eldar Quliyev Ukraynanın paytaxtı Kiyevdə anadan olub. O, Kiyev “Dinamo”sunun, “Dnepr”in, Kiyev “Arsenal”ının və Donetsk “Şaxtyor”unun uşaq komandalarında oynayıb. Yarımmüdafiəçinin ilk peşəkar komandası isə “Mariupol” olub. O, bu komandada cəmi 7 matça çıxıb. Quliyev 2021-ci ilin iyul ayından oynadığı “Minay”da isə 31 oyuna 1 qol vurub.
Eldar 2018-ci ildə Azərbaycanın U-16 yığmasında da 1 oyun keçirib. 2022-ci ilin yayında isə o, Ukraynanın 21 yaşadək futbolçulardan ibarət milli komandasında debüt edib. O, bu komandada 2 oyun keçirib, 1 qol vurub.
Məşhur “transfermarkt” portalının yazdığına görə, “Zirə” Quliyevin transferi üçün “Minay”a 100 min avro ödəyib.


