Nəriman Axundzadə “Qarabağ”a bu sözlərlə vida etdi

ABŞ klubu “Kolumbus Kru”ya keçən Azərbaycan millisinin cinah hücumçusu Nəriman Axundzadə sosial şəbəkə hesabında paylaşım edib.

Arena.az xəbər verir ki, 21 yaşlı hücumçu “Qarabağ”la vidalaşıb.

O, paylaşımında bunları qeyd edib: “Çox sağ ol, böyük “Qarabağ” ailəsi”.

Xatırladaq ki, Nəriman Axundzadənin “Kolumbus Kru” ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.

Yeri gəlmişkən, ABŞ klubunun baş meneceri İssa Toll Nərimanın transferi barədə fikirlərini bölüşüb. O, “Qarabağ”dan 2,5 milyon avroya aldıqları futbolçunun transferi ilə bağlı bunları dilə gətirib:

“Nəriman klubumuza fərqli bacarıqlar gətirəcək və bu, komandamıza əlavə bir ölçü qatacaq. Onun texniki keyfiyyətləri və yüksək iş əzmi oyun üslubumuzla çox yaxşı uyğunlaşır.

Gənc yaşına baxmayaraq, Nəriman artıq həm ölkə daxilində, həm Avropa səviyyəsində, həm də milli komandada təcrübə qazanıb. Onu Kolambusda qarşılamaqdan məmnunuq və klubumuzda necə inkişaf edəcəyini səbirsizliklə gözləyirik”.

Sonda bir maraqlı məqamı da vurğulayaq ki, Nəriman Axundzadə ABŞ klubunda daha əvvəl Azərbaycanda oynamış Nikolas Hagenlə komanda yoldaşı olacaq. Qvatemaladan olan qapıçı 2024-cü ilin dekabrından MLS təmsilçisində çıxış edir. 29 yaşlı qolkiper 2020/2021 mövsümündə “Səbail”in formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: