“Landau Lions” Avropa Kubokunda yenə böyük hesabla uduzdu

Azərbaycanın “Landau Lions” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə (2026/27) ikinci oyununu keçirib.

Arena.az xəbər verir ki, Erhan Tokərin rəhbərlik etdiyi komanda G qrupunun ikinci turu çərçivəsində Slovakiyada “Prievidza”nın qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 108:84 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan təmsilçisinin heyətində De’Andre Cekson 17, Ceyms Freyzer və Gediminas Orelikas hərəyə 15, Cordan Perkins 11, Arnas Sakenis 10, Edvard Polayt və Kervin Uolton isə hərəyə 7 xal toplayıblar. İsmayıl Abdullayev 2 xalla yadda qalıb.

G qrupunun turnir cədvəlində “Prievidza” 3 xalla liderdir. “Lions de Geneve” (İsveçrə), “Denizli Basket” (Türkiyə), “Benfika” (Portuqaliya) və “Landau Lions”un hərəyə 2 xalı var. Danimarkanın “Bakken Bears” klubu isə 1 xalla sonuncu pillədə qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan təmsilçisi Avropa Kubokunun qrup mərhələsinin ilk turunda doğma meydanda İsveçrənin “Lions de Geneve” komandasına 83:105 hesabı ilə məğlub olmuşdu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: