Madrid “Atletiko”sunun kapitanı Koke anasının vəfatı səbəbindən UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununu buraxacaq.
Arena.az xəbər verir ki, bu barədə “Foot Mercato” portalı məlumat yayıb.
Xəbərdə vurğulanır ki, o, ÇL-in əsas mərhələsinin 2-ci turunda “Mançester Yunayted”ə qarşı keçiriləcək oyunda iştirak etməyəcək.
“Atletiko” oktyabrın 13-də yarımmüdafiəçinin anasının vəfat etdiyini açıqlayıb. Bununla əlaqədar Madriddə keçiriləcək qarşılaşmadan əvvəl bir dəqiqəlik sükut elan olunacaq. Daha sonra 34 yaşlı futbolçunun qarşıdakı oyunun iştirak ərizəsinə daxil edilmədiyi məlum olub.
Qeyd edək ki, Koke 2011-ci ildən “Atletiko”nun formasını geyinir. O, Madrid klubunun heyətində keçirdiyi oyunların sayına görə rekordçudur. İspan yarımmüdafiəçi indiyədək komandanın heyətində 749 matçda iştirak edib.
Koke “Atletiko” ilə iki dəfə İspaniya çempionu (2014, 2021), iki dəfə Avropa Liqasının (2012, 2018) və UEFA Super Kubokunun (2012, 2018) qalibi olub. O, həmçinin İspaniya Kubokunu (2013) və Super Kubokunu (2014) bir dəfə qazanıb.
Madrid təmsilçisi Kokenin iştirakı ilə 2013/14 və 2015/16 mövsümlərində UEFA Çempionlar Liqasının finalına yüksəlib. Hər iki həlledici qarşılaşmada “Atletiko” şəhərin digər təmsilçisi “Real”a məğlub olub.


