Lisandro Martines “Mançester Yunayted” rəhbərliyini tənqid etdi

“Mançester Yunayted”in argentinalı müdafiəçisi Lisandro Martines klub rəhbərliyini və texniki direktoru tənqid edib.

Arena.az BBC-yə istinadən xəbər verir ki, o, İngiltərə nəhəngini komandada kifayət qədər güclü futbolçuların olmamasına görə tənqid atəşinə tutub.

Çərşənbə axşamı “Mançester Yunayted” UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda İspaniyanın “Atletiko” komandasına 0:2 hesabı ilə məğlub olub. Lisandro Martines bu matçdan sonrakı açıqlamasında bunları vurğulayıb:

“Atletiko”nun möhtəşəm komandası var və onlar bu gün qələbəyə layiq idilər. Ötən mövsüm fantastik oyun göstərmişdik. İndi isə liderlərdən daha çox şey gözləyirik. Daha çox rəqabətədavamlı futbolçuya ehtiyacımız var. Daha çox investisiya gözləyirəm, texniki direktor Ceyson Uilkoksdan da daha artığını gözləyirəm. Düzünü desəm, biz futbolçular da daha yaxşı oynamalıyıq. Amma belə oyunlara hazır olmaq üçün güclü komandaya sahib olmaq da vacibdir”, – deyə argentinalı müdafiəçi bildirib.

Martines komandanın baş məşqçisi Maykl Karrikin tənqid olunmasına da qarşı çıxıb:

“Bu axşam məşqçini günahlandırmaq, futbolçuları tənqid etmək asandır. Amma digər məqamlara da diqqət yetirməliyik”.

“Mançester Yunayted”in tarixində ən çox qol vuran futbolçu Ueyn Runi isə Martinesin açıqlamasına münasibət bildirib. O, argentinalının sözlərinin əvvəlcədən hazırlanmış təsir bağışladığını deyib:

“Elə görünürdü ki, hər şey əvvəlcədən planlaşdırılıb, sanki o, ətrafındakılarla məsləhətləşərək bu sözləri demək qərarına gəlib. Çətin dövrlərdə futbolçuların, baş məşqçinin və məşqçilər heyətinin birliyini qoruması vacibdir. O, komanda yoldaşlarının kifayət qədər yaxşı olmadığını söyləməklə onları xoşagəlməz vəziyyətə salır. Bu isə hörmətsizlikdir”, – deyə Runi vurğulayıb.

Qeyd edək ki, “Mançester Yunayted” rəhbərliyi komandanın son nəticələrindən narazıdır və bu səbəbdən Karrikin mövqeyi getdikcə zəifləyir. “Lids” və “Bornmut”la İngiltərə Premyer Liqası oyunları, eləcə də Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda İtaliyanın “Komo” komandası ilə qarşılaşma baş məşqçinin gələcəyi baxımından həlledici ola bilər.

Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasının 6 turundan sonra 6 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: