Latviyalı futbol mütəxəssisi Ervin Perkon bundan sonra Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli”yə rəhbərlik edəcək.
Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə vurğulanır ki, “İmişli”də baş məşqçinin səlahiyyətlərinin müvəqqəti icrası köməkçi məşqçi Ervin Perkona həvalə olunub. Latviyalı mütəxəssis müvəqqəti olaraq komandanın məşq prosesinə və oyunlara hazırlığına rəhbərlik edəcək.
Xatırladaq ki, Ervin Perkon bu ilin iyun ayından bölgə təmsilçisində köməkçi məşqçi kimi fəaliyyətə başlamışdı. UEFA PRO lisenziyasına malik olan 35 yaşlı mütəxəssis 15 ildən artıq peşəkar məşqçilik təcrübəsinə sahibdir. O, Latviyanın “Yelqava” və “Super Nova” klublarında baş məşqçi kimi fəaliyyət göstərib. Çalışdırıcı adıçəkilən komandaları iki dəfə ölkənin yüksək liqasına yüksəldərək, 2022 və 2024-cü illərdə Latviyanın Birinci Liqasının çempionluğuna daşıyıb.
Perkon fəaliyyəti ərzində Polşa, Norveç və Avstriyanın tanınmış klublarında təcrübə proqramlarında iştirak edib. Onun məşqçilik fəlsəfəsinin əsasını intizamlı komanda oyunu, yüksək intensivlik, taktiki nizam-intizam və futbolçuların fərdi inkişafı təşkil edir.
Xatırladaq ki, “İmişli” bu yay Xorxe Kaskilyanın istefasından sonra bu posta sabiq baş məşqçisi Fərid Namazovu gətirmişdi. Amma yeni mövsümdəki uğursuz nəticələr səbəbindən klub rəhbərliyi bir neçə gün öncə Namazovu istefaya göndərib.


