“Sabah”ın Çempionlar Liqasında Praqa “Slaviya”sına 2:0 hesabı ilə qalib gəlməsi Azərbaycanın UEFA reytinqində irəliləməsinə səbəb olub.
Arena.az xəbər verir ki, Azərbaycan çempionu ötən gecə ÇL-in Liqa mərhələsinin 2-ci turu çərçivəsində Bakıda baş tutmuş oyunda tarixi qələbəyə imza atıb.
Bu qələbə ölkəmizin aktivinə 0,500 əmsal əlavə edib. Nəticədə Azərbaycan son 5 mövsümün nəticələrinə əsasən hesablanan UEFA-nın ölkələr reytinqində İsraili geridə qoyaraq 24-cü pilləyə yüksəlib. Hazırda ölkəmizin 24,187 əmsal var.
Azərbaycan klubları cari mövsümdə ümumilikdə 5,625 əmsal toplayıblar. Bu göstərici ilə ölkəmiz mövsümün reytinqində 2-ci yerdədir. Yalnız Portuqaliya Azərbaycandan öndədir. İngiltərə, İspaniya və Almaniya kimi ölkələr isə geridə qalıblar.
“Sabah” klubların reytinqində də irəliləyib. Bakı təmsilçisi bu mövsüm qazandığı 8 xal sayəsində ümumi xalını 14-ə çatdırıb və 147-ci pillədən 130-cu yerə yüksəlib. “Qarabağ” isə 36,250 xalla 59-cu sırada qərarlaşıb. Digər klublarımızdan “Zirə” (7,000) 222-ci, “Neftçi” (5,500) 260-cı, “Araz-Naxçıvan”, “Sumqayıt” və “Qəbələ” (hər üçü 4,837) 299-cudur.
55 ölkənin yer aldığı UEFA reytinqində İngiltərə 104,019 əmsalla vahid liderdir. İtaliya (88,589) ikinci, İspaniya (83,993), Almaniya (81,973) dördüncü, Fransa (69,153) beşinci yerdə qərarlaşıb.


